UN-Habitat-ın İcraiyyə Şurasının 2026-cı il üzrə 1-ci sessiyası keçirilib
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 2026-cı il üzrə 1-ci sessiyası 21-22 aprel tarixlərində keçirilib.
“TV1” xəbər verir ki, Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 2026-cı il üzrə 1-ci sessiyasında iştirakına dair mətbuat məlumatına görə, bu beynəlxalq tədbirdə geniş müzakirə edilən mövzulardan biri Azərbaycanın 1 ay sonra ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) olub.
Azərbaycan Hökumətinin UN-Habitat ilə birgə tədbirə hazırlıq işləri haqqında geniş məlumat verilib.
WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” olan ana mövzusunun hal-hazırda dünyada ən aktual məsələlərdən biri olması üzv ölkələrin forum haqqında fəal müzakirələrində may ayında Bakıda baş tutacaq WUF13-ə çoxsaylı istinadlarla öz əksini tapıb. WUF13-ün dayanıqlı şəhərsalma inkişafı üzrə qlobal gündəm üçün uzun müddətli strateji əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
İclasda UN-Habitatın “Hər Kəs üçün Münasib Mənzil” üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupunun (OEWG-H) həmsədrləri Azərbaycan və Somalinin adından 2026-cı il üzrə iş planı barədə daimi nümayəndə Sultan Hacıyevin məruzəsi dinlənilib.
Cari ilin 8-10 aprel tarixlərində Nayrobi şəhərində keçirilən 2-ci Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində həyata keçirilən işlər, həmçinin WUF13 və il ərzində baş tutacaq digər qlobal tədbirlərdə nəzərdə tutulan fəaliyyət barədə üzv ölkələr məlumatlandırılıb. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin AUF2-də aktiv iştirakı qeyd edilib və AUF2 ilə WUF13 arasında mahiyyət üzrə bağlılıq diqqətə çatdırılıb.








