UN-Habitat rəhbəri: Azərbaycan WUF13-ə yüksək səviyyədə ev sahibliyi edib

media-ads_728_90

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

“TV1” xəbər verir ki, Anaklaudia Rossbax bunu WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

“Azərbaycan hökumətinə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Bu həftə ərzində nümayiş etdirilən müstəsna qonaqpərvərlik, təşkilatçılıq və liderlik WUF13-ü həqiqətən qlobal toplantıya çevirdi”, – deyə A.Rossbax bildirib.

UN-Habitat rəhbərinin sözlərinə görə, forum şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün mühüm beynəlxalq platforma rolunu bir daha təsdiqləyib.

O qeyd edib ki, WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı yer alıb. Onlardan 2 mindən çoxu tədbirə onlayn qoşulub.

Rossbax bildirib ki, iştirakçıların 55%-ni qadınlar və qızlar təşkil edib.

Forumda 11 dövlət başçısı, 9 yüksək səviyyəli qonaq, 88 nazir, 76 nazir müavini və 130 bələdiyyə sədri iştirak edib.

UN-Habitat rəhbəri əlavə edib ki, forum çərçivəsində ümumilikdə 579 sessiya keçirilib.

“Urban Expo” sərgisində isə 260 sərgi iştirakçısı, innovator və həll təminatçısı təmsil olunub. Sərgiyə 74 mindən çox ziyarət qeydə alınıb.

Onun sözlərinə görə, WUF13-ü işıqlandırmaq üçün 865 media nümayəndəsi akkreditə olunub.

“Bu rəqəmlər şəhərlərin həll yollarına olan ehtiyacın nə qədər böyük olduğunu göstərir. Şəhərlər həllər tələb edir və tərəfdaşlar buna cavab verir”, – deyə A.Rossbax vurğulayıb.

media-ads_728_90
Paylaş