Volodimir Zelenski: Ukrayna ABŞ ilə açıq və dürüst münasibətləri qorumağa çalışır
Ukrayna ABŞ ilə açıq və dürüst münasibətlər saxlamağa çalışır və energetika infrastrukturunu Rusiya hücumlarından qorumaq üçün kifayət qədər raket əleyhinə sistem alacağı təqdirdə enerji atəşkəsinə hazırdır.
“TV1” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
“Mən daim heç nəyi gizlətməmək və ABŞ Prezidentinə yalan danışmamaq istəmişəm. Hər halda, bizim Amerika ilə ortaq cəhətimiz onun Rusiya ilə münasibətindən daha çoxdur. Ukraynada və ABŞ-də insanların əksəriyyəti bunu anlayır. Biz Amerika ilə həmişəki açıq, dürüst və praqmatik münasibətlərimizi davam etdirmək istərdik”.
Zelenski qeyd edib ki, Ukraynanın ABŞ ilə həmişə vacib, güclü strateji münasibətləri olub. O bildirib ki, ikitərəfli münasibətlər tammiqyaslı müharibə zamanı xüsusilə fəallaşıb.
Prezident dəstəyə görə Amerikaya təşəkkür edib və Ukrayna tərəfinin münasibətləri həmişə dürüstlük, ədalət və şəffaflıq üzərində qurduğunu vurğulayıb. Dövlət başçısı vurğulayıb: “Əgər yalan danışırsınızsa və xalqınız müharibədədirsə, bu, çox ağrılıdır”. Eyni zamanda, Zelenski qeyd edib ki, Ukrayna qarşılıqlı enerji atəşkəsini dəstəkləyir.








