WUF13 çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO

media-ads_728_90

19 mart 2026-cı il tarixində WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ekoloji təşəbbüslərin təşviqi məqsədilə Bakı şəhəri Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

“TV1” xəbər verir ki, aksiyada WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov və ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, eləcə də, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər də iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən iştirakçılara ağac əkilməsi qaydaları barədə məlumat verilib.

21 mart – Beynəlxalq meşələr gününə həsr olunan aksiyanın məqsədi ekoloji   tarazlığın qorunmasına dəstək olmaq və yaşıllaşdırma təşəbbüslərinə töhfə vermək, həmçinin dayanıqlı şəhər inkişafı və iqlim dəyişiklikləri ilə bağlı görülən işlərə diqqəti cəlb etmək olub.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki, WUF13 çərçivəsində ümumilikdə 5000 ağacın əkilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.

media-ads_728_90
Paylaş