WUF13 - Gələcəyin şəhərləri buradan başlayır - VİDEO
WUF13 – Ümumdünya Şəhərsalma Forumu 2026-cı ilin 17–22 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 qlobal mənzil çağırışlarını ön plana çəkərək mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi araşdıracaq və Yeni Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına töhfə verəcək.
Ümumdünya Şəhərsalma Forumu müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini-sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001‑ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilib. Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərsalma üzrə yüksək səviyyəli konfransdır.
Forum öz fəaliyyətinə 2002‑ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur. BMT‑nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3‑cü sessiyasında Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının 2026‑cı ildə Bakı şəhərində keçiriləcəyinə dair qərar elan edilib. BMT‑nin Məskunlaşma Proqramı tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır. Burada keçiriləcək WUF13 qlobal səviyyədə mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, 2023-cü il dekabrın 22-də “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb. 2024-cü ilin martında bu saziş Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.25 aprel 2025-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Ümumdünya Şəhərsalma Forumunun Azərbaycandakı milli kordinatoru təyin edilib.
Hazırda dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayır. Bu isə mənzil təminatı, infrastrukturun dayanıqlılığı və sosial bərabərlik kimi məsələləri daha da aktuallaşdırır. WUF13 məhz bu problemlərin həlli istiqamətində qlobal dialoq platforması kimi çıxış edir. Forum çərçivəsində mənzil təminatı yalnız yaşayış sahəsi deyil, eyni zamanda sosial rifahın və inklüziv cəmiyyətin əsas elementi kimi dəyərləndirilir. Azərbaycanın beynəlxalq miqyasda yüksələn siyasi nüfuzu və zəngin təcrübəsi ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə real təsdiqini tapır.
Ölkənin elmi, mədəni və ictimai-siyasi tarixinə mühüm nailiyyətlər kimi həkk olunan bu tədbirlər Cənubi Qafqazın lider dövlətinin həm də qlobal təşəbbüslər və strateji dialoqlar məkanına çevrilməsini şərtləndirir. Bu, Azərbaycanın yeni dünya düzəninin formalaşmasında artan rolunun bariz göstəricisidir. Azərbaycanın daxili və xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin, eləcə də ölkə diplomatiyasının qazandığı müsbət imicin növbəti göstəricisi isə 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi statusunun qazanılmasıdır.
WUF13 Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübənin geniş ictimaiyyətə tanıdılması, habelə qədimliklə müasirliyin vəhdətindən doğan unikal mədəniyyətimizin və memarlığımızın təbliği baxımından tarixi hadisə kimi yadda qalacaq. Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafı sahəsində nüfuzlu qlobal platforma hesab edilir. Bu günədək Nayrobi, Barselona, Rio-de-Janeyro, Kuala-Lumpur və Əbu-Dabi kimi şəhərlərin ev sahibliyi etdiyi bu mötəbər tədbir urbanizasiyanın müxtəlif aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin planlaşdırılması və idarə edilməsi sahəsində biliklərini bölüşmək üçün əlverişli imkanlar təqdim edir. Bakıda keçiriləcək WUF13 yeni qlobal çağırışların müzakirəsinə vəsilə olacaq və beynəlxalq tərəfdaşlıqlar üçün münbit zəmin hazırlayacaq.
Ümumdünya Şəhərsalma Forumu şəhərsalma sahəsində innovativ ideyaları ortaya çıxarmaqla yanaşı, respublikamızın dinamik inkişaf edən iqtisadi sahələrinə xarici sərmayələrin cəlbi və turizm sektorunun tərəqqisi üçün geniş perspektivlər vəd edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Tədbirlər Planının təsdiq olunması da bu sahədə fəaliyyətin konsepsiya əsasında qurulmasına və beləliklə də WUF13-ün yüksək səviyyədə təşkilinə imkan verəcək mühüm amildir. Bu qərar, eyni zamanda, ölkədə şəhərsalma siyasətinin sistemli şəkildə inkişafına, memarlıq irsinin qorunmasına, müasir urbanizasiya çağırışlarına uyğun yeni yanaşmaların tətbiqinə geniş imkanlar yaradır.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycanın şəhərlərinin daha dayanıqlı, funksional və estetik baxımdan müasir standartlara uyğun inkişafını sürətləndirəcək, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün əlverişli platforma formalaşdıracaq. Bu, həm də ölkəmizin şəhər planlaşdırılması sahəsində qazandığı təcrübənin sistemləşdirilməsi və qlobal urbanizasiya proseslərinə daha fəal inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. WUF13 çərçivəsində beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olacaq ən vacib məqamlardan biri ölkəmizdə şəhərsalma sahəsində qazanılan uğurlu təcrübədir. Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində aparılan bərpa və yenidənqurma işlərində ən təqdirəlayiq məqamlardan biri müasirləşmə ilə yanaşı, qədimliyin də qorunub saxlanılmasıdır.
Azad edilmiş şəhərlərin Baş planları ərazinin tarixi-memarlıq irsi və çoxəsrlik mədəni dəyərləri nəzərə alınmaqla tərtib edilir. Bütün bunlar WUF13 platformasında Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də dayanıqlı inkişaf və müasir şəhərsalma modellərini uğurla tətbiq edən ölkə kimi rəğbət qazandığını bir daha göstərir. BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı sayəsində ölkəmiz artıq üç mühüm foruma uğurla ev sahibliyi edib.
2022-ci ildə Ağdamda, 2023-cü ildə Zəngilanda, 2025-ci ildə Xankəndidə təşkil olunan Azərbaycan Milli Şəhərsalma forumları müxtəlif ölkələrdən olan mütəxəssislərin təcrübə mübadiləsi və dayanıqlı inkişaf naminə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün uğurlu platformaya çevrilib. Nüfuzlu qonaqları bir araya gətirən bu tədbirlərin işğaldan azad edilmiş ərazilərdə keçirilməsi rəmzi məna daşıyır.Bu, uzun illər şəhərləri dağıdılan, viran edilən və ərazisində qanunsuz məskunlaşma siyasəti aparılan Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı ədalət mesajı idi. Xüsusilə Xankəndi forumu təşkilatçılıq səviyyəsi v ə strateji əhəmiyyəti baxımından WUF13-ə gedən yolda mühüm və tarixi bir mərhələ kimi qiymətləndirilir.
Hazırda işğaldan azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işləri aparılır. Bu ərazilərdə tam yeni şəhərsalma standartları tətbiq edilir. Yenidən qurulmuş Füzuli, Ağdam, Cəbrayıl və Kəlbəcər şəhərlərində, eləcə də Zəngilan rayonunun Ağalı kəndində bu gün yeni qurulan yaşayış məskənləri, müasir infrastruktur deyilənlərə əyani nümunədir. Yenidənqurma prosesində şəhərlərin qədim tarixinin, milli memarlıq üslubunun və mədəni ənənələrinin qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycan əldə etdiyi uğurları və yenidənqurma modelini VUF13 çərçivəsində digər ölkələrlə bölüşərək beynəlxalq əməkdaşlığın inkişafına da töhfə verəcək.
Bakı – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına yüksək səviyyədə ev sahibliyi edəcək. Forum ölkəmizin regional deyil, həm də qlobal əhəmiyyətli problemlərin müzakirə olunduğu mühüm dialoq məkanına çevrildiyini və bu prosesin davamlı xarakter aldığını təsdiqləyir. WUF13 qədim və zəngin şəhərsalma ənənələrinə malik Azərbaycanın bu sahədəki geniş potensialını beynəlxalq müstəvidə növbəti dəfə nümayiş etdirəcək. WUF13 yalnız bir forum deyil. Bu, gələcəyin şəhərlərinin necə qurulacağına dair qlobal baxışın formalaşdığı mühüm platformadır. Azərbaycan ictimaiyyətinin 13-cü Ümumdünya Şəhərsalma Forumu haqqında məlumatlandırılması üçün Bakıda və bölgələrdə WUF13 festivalları keçirilir.
Ümumdünya Şəhərsalma Forumu Bakı Olimpiya Stadionunda keçiriləcək. Dövlət rəsmiləri, beynəlxalq təşkilatların üzvləri, memarlıq və şəhərsalma üzrə ekspertlər forumda iştirak edəcəklər. İlk dəfə olaraq,Ümumdünya Şəhərsalma Forumu Liderlər Sammiti formatında keçiriləcək. Böyük Qayıdış çərçivəsində görülən işləri forum iştirakçıları ilə bölüşmək üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına tədbir iştirakçılarının səfərləri təşkil ediləcək.
Mətanət Əliyeva








