WUF13-lə bağlı dünya parlamentlərinə çağırış edilib

media-ads_728_90

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar dünya parlamentlərinə çağırış edilib.

“TV1” xəbər verir ki, dünyanın 30 ölkəsindən 32 parlamentarinin iştirakı ilə yanvarın 30-da ilk dəfə olaraq Azərbaycanın şəhərsalma təcrübəsi və WUF13-ə həsr olunmuş “Parlamentlərin Dayanıqlı Şəhərlərin İnkişafında və Davamlı Şəhərsalmanın Təşviqində Rolu” adlı tədbir keçirilib.

Tədbirin məqsədi WUF13 çərçivəsində parlament diplomatiyasının təşviqinə töhfə vermək olub.

Tədbir Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü kimi deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – “WUF13 Azərbaycan”la əməkdaşlıq çərçivəsində baş tutub. BMT sistemindən UN-Habitat və digər iki ixtisaslaşmış qurumun təmsilçiləri müzakirələrdə iştirak edib.

Tədbirdə çıxış edən xarici deputatlar öz ölkələrinin urbanizasiya təcrübələri barədə danışıblar.

Tədbiri açılış nitqi ilə açan deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasa qatıldıqlarına görə təşəkkür edib. Açılışda xüsusi qonaq qismində Dominikanın Ətraf mühit və Kəndlərin müasirləşdirilməsi naziri Kozier Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən və mövcud çətinliklərdən bəhs edib.

Bildirib ki, 2015-ci ildə Tropik Erika fırtınası və 2017-ci ildə Mariya qasırğasının törətdiyi dağıntılardan sonra anladıq ki, zəif tənzimləmə fəlakətlərin vurduğu zərərləri daha da artırır. Dominika parlamenti tikinti normalarını, zonalaşdırma qanunlarını və fiziki planlaşdırma sistemlərini gücləndirdi ki, mənzil siyasəti ilk növbədə insanların həyatını, yalnız bundan sonra bazar maraqlarını qorusun və gələcək nəsillər üçün dayanıqlı şəhərlər qurulsun.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13 Milli Koordinatorun müavini Gülşən Rzayeva ölkəmizin şəhərsalma təcrübəsi və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq prosesi barədə təqdimatla çıxış edib, tədbirin məqsədləri və iştirakın perspektivləri barədə məlumat verib. O, həmçinin müasir şəhərsalma təcrübələrinin tətbiqində qanunvericiliyin rolu və şəhərsalma forumlarında parlament diplomatiyasının vacibliyinə toxunub.

Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatora birgə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

“Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və davamlı investisiyalar tələb edir.

Biz yaşayış yerlərini sosial sabitliyin əsas dayağı kimi tanıyırıq. Dünyada milyardlarla insanı əhatə edən qlobal yaşayış yeri böhranına cavab olaraq aşağıdakı çağırışları edirik:

– Xüsusilə aşağı gəlirli qruplar, qadınlar, gənclər, miqrantlar və qaçqın/məcburi köçkünlər üçün əlçatan, adekvat və dayanıqlı yaşayış yeri həllərinin hazırlanması;

– Sosial yaşayış yeri, inklüziv zonalaşdırmanı və məsuliyyətli şəhər idarəçiliyini dəstəkləyən qanunvericilik çərçivələrinin formalaşdırılması.

Biz bir daha təsdiqləyirik ki, parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara, siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici rol oynayır.

Biz dünya üzrə parlamentləri aşağıdakılara çağırırıq:

– Dayanıqlı şəhər inkişafını milli inkişaf strategiyalarına, iqlim siyasətlərinə və büdcə çərçivələrinə inteqrasiya etmək;

– Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqlimədavamlı, inklüziv və insan-mərkəzli şəhərlərə qanunvericilik dəstəyini gücləndirmək;

– Xidmətlərə, mikromobilliyə, yaşıl məkanlara və əsas infrastruktur obyektlərinə ədalətli çıxışı təmin edən şəhər siyasətlərini təşviq etmək.

Biz Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi mövqeləndirmək istiqamətində fəaliyyətini alqışlayırıq”.

Müraciət yekdilliklə dəstəklənib.

Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu ilin may ayında Azərbaycanda keçiriləcək.

media-ads_728_90
Paylaş