WUF13-ün birinci günü başa çatıb
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının birinci günü başa çatıb.
“TV1” xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda keçirilir.
İlk günün zəngin proqramı çərçivəsində nazirlərin iclası, nazirlərin dəyirmi masası, eləcə də nazirlər səviyyəsində panel müzakirələri keçirilib.
Bundan başqa, gün ərzində ev sahibi ölkənin və BMT-nin bayraqlarının qaldırılması mərasimi keçirilib. Bu isə forumun rəsmi başlanğıcını simvolizə edir.
Günü yekunlaşdıran Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qeyd edib ki, müzakirələr dayanıqlı şəhər inkişafının əsas çağırışları və prioritetləri üzərində cəmlənib.
Onun sözlərinə görə, panel iştirakçıları vurğulayıblar ki, yetərli və əlçatan mənzil təminatı eyni anda üç qarşılıqlı əlaqəli ölçüdə nəzərdən keçirilməlidir: təməl insan hüququ və inklüzivliyin əsası kimi; məşğulluq, xidmətlər və imkanlarla bağlı iqtisadi infrastrukturun elementi kimi; həmçinin iqlim siyasətinin, fəlakət risklərinin azaldılmasının və şəhərlərin dayanıqlığının artırılmasının mühüm aləti kimi.
“Müzakirələr zamanı həmçinin qəbul edilmiş qərarların praktiki icrasının, dayanıqlı maliyyələşmənin, çoxsəviyyəli idarəetmənin, yerli icmaların cəlb edilməsinin və tərəfdaşlıqların inkişafının vacibliyi vurğulanıb. Panel müzakirələrinin daha dolğun əksi, o cümlədən ətraflı nəticələr və tövsiyələr sədrin bu həftənin sonlarında təqdim olunacaq yenilənmiş xülasəsinə daxil ediləcək”, – A.Quliyev qeyd edib.
Xatırladaq ki, mayın 22-dək davam edəcək forum Azərbaycan hökumətinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir.
Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.








