WUF13 üzrə media nümayəndələrinin məlumatlandırma sessiyası keçirilib - FOTO

media-ads_728_90

2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə effektiv kommunikasiyanın təmin edilməsi məqsədilə media nümayəndələrinin məlumatlandırma sessiyası keçirilib.

“TV1” xəbər verir ki, sessiya çərçivəsində media qurumlarının nümayəndələrinə WUF13 haqqında ətraflı məlumat təqdim edilməklə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın, Mətbuat Şurasının, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) əməkdaşları ilə fikir mübadiləsi və şəbəkələşmə üçün imkan yaradılıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin əməkdaşı, WUF13 Kommunikasiya qrupunun koordinatoru Cəmalə Əliyeva Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq bu cür tədbirlərdə medianın fəal iştirakının əhəmiyyətini qeyd edib, WUF13 Kommunikasiya qrupunun əsas fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verib.

Azərbaycanda səfərdə olan BMT-nin Məskunlaşma Proqramının kommunikasiya direktoru Katerina Bezqaçina media nümayəndələrinə Ümumdünya Şəhərsalma Forumunun tarixi, məqsədi və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və məskənlər” mövzusu şəhərlərin üzləşdiyi əsas çağırışları əhatə edir. Tədbir həm “Yeni Şəhər Gündəliyi”nin onilliyini qeyd etmək, həm də növbəti on il ərzində mənzil təminatına diqqət yönəltmək üçün əhəmiyyətli bir fürsət olacaq.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri Cəmilə İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsinin dayanıqlı şəhərsalma inkişafındakı əhəmiyyətindən, bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlərdən bəhs edib.

Sessiya zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin media əlaqələri üzrə meneceri Eldar Rəsulov tədbir çərçivəsində keçiriləcək 40 əsas sessiyanın və 350 tərəfdaş tədbirinin səmərəli işıqlandırılmasını təmin etmək məqsədilə media mərkəzinin fəaliyyət göstərəcəyini qeyd edib, media nümayəndələrini akkreditasiyadan keçməyə dəvət edərək, WUF13 zamanı media üçün yaradılacaq imkanlar barədə məlumat verib.

Qeyd edək ki, 17-22 may, 2026-ci il tarixlərində keçirilicək WUF13 tədbirinə media nümayəndələrinin qeydiyyat prosesi davam edir. Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər.

media-ads_728_90
Paylaş