Xaricdə Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş görüş keçirilib
Sentyabrın 29-da xaricdə yaşayan tanınmış mədəniyyət xadimlərimizin, bəstəkarlarımızın, musiqiçilərimizin “Azərbaycan musiqisi” mövzusuna həsr olunmuş görüşü keçirilib.
”TV1” xəbər verir ki, zoom proqramı üzərindən təşkil olunan görüşdə dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən mədəniyyət xadimlərimiz iştirak ediblər.
Görüşə İsveçdən Səadət Kərimi, Almaniyadan Xədicə Zeynalova, ABŞ-dən Cəmilə Cavadova, İsveçdən Aydın Ziyadlı, Aynur Məlikova, Hüseyn Nəsirli, İradə Sultanova və Leyli Yekta, Norveçdən Arzu Rzayeva və başqaları qatılıblar.
“Qobustan” – İsveçdə Azərbaycan Aydınlar Ocağının sədri Səadət Kərimi tərəfindən təşkil olunan görüşdə xarici ölkələrdə yaşayan və musiqi sənəti ilə uğurlu fəaliyyət göstərən, Azərbaycan musiqisini dünyada təbliğ edən dəyərli sənətçilərimiz iştirak ediblər. Musiqi xadimləri milli musiqimizin xaricdə təbliği ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Bundan başqa, iştirakçılar öz fəaliyyətləri, həmçinin xaricdə imkanlar və çətinliklər barədə, Azərbaycan musiqisinin dünyada necə tanınması, anlaşılması (qavranması), qəbul olunması barədə öz fikirləri və təcrübələrini paylaşıblar. Sənətçilər çıxışlarından sonra musiqi parçalarını canlı ifa ediblər.
S.Kərimi sonda qeyd edib ki, professional musiqiçilərimizi tanımağımız, klassik musiqimizin və bəstəkarlarımızın xaricdə təbliği barədə fikir mübadiləsi aparmağımız çox vacibdir.
Qeyd edək ki, “TV1” Televiziya kanalı görüşdə eksklüziv olaraq təmsil olunub.