Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Yaponiyanın Tiba prefekturasında şiddətli yağışlar nəticəsində həlak olanların sayı səkkiz nəfərə yüksəlib.
“TV1” xəbər verir ki, onların bir çoxu su basmış yeraltı keçiddə bağlı qalmış avtomobillərin içində ilişib qalıb.
Bundan əlavə, dörd nəfər yüngül xəsarət alıb.
Tiba, İtihara şəhərlərində və digər rayonlarda leysan yağışları və torpaq sürüşmələri nəticəsində ən azı 70 dağıntı halı qeydə alınıb.
Tiba prefekturasının 19 tibb müəssisəsində elektrik enerjisi kəsilib. Ümumilikdə, güclü yağışlar səbəbindən təxminən 22 370 ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Avqustun 13-dən başlayan şiddətli yağışlar ictimai nəqliyyatın işini iflic edib, nəticədə bir çox insan evlərinə qayıda bilməyib. Təxminən 1 800 nəfər gecəni Tiba prefekturasının inzibati binasında keçirib.
Əvvəllər Tiba prefekturasında 5-ci səviyyəli şiddətli yağışlar barədə xüsusi xəbərdarlıq elan edilmişdi.








