Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
Yunanıstanın bir sıra bölgələrində güclü leysan yağışları və fırtına ciddi fəsadlara səbəb olub. Daşqınlar nəticəsində yaşayış evləri, ticarət obyektləri və avtomobil yolları suyun altında qalıb, dəniz nəqliyyatının fəaliyyətində məhdudiyyətlər yaranıb.
“TV1” xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, təbii fəlakətdən ən çox zərər çəkən ərazilər arasında Skiatos, Evbeya və Rodos adaları yer alır.
Skiatos adasında sel suları iki avtomobili aparıb, yaşayış evlərinə və mağazalara ziyan dəyib. Yerli hakimiyyət orqanları adada fövqəladə vəziyyət elan olunması üçün müraciət etməyə hazırlaşır.
Evbeya adasında Kireas çayının məcrasından çıxması nəticəsində avtomobil yolları bağlanıb, körpülərdən biri uçub.
Rodos adasında isə daşqın səbəbindən bəzi yollar və avtobus marşrutları bağlanıb. Xilasedicilər suyun altında qalan avtomobildə köməksiz vəziyyətdə qalmış qadını xilas ediblər.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Pirey və Lavrio limanlarından bərə reysləri təxirə salınıb. Kiklad və Dodekanes adalarında, həmçinin Evbeya, Skiatos və Skopelosda məktəblərin və uşaq bağçalarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Yunanıstanın Milli Meteorologiya Xidməti Egey dənizində küləyin sürətinin bəzi ərazilərdə saatda 100 kilometrə çata biləcəyi barədə xəbərdarlıq edib.
Ölkənin Mülki Müdafiə Xidməti sakinləri zərurət olmadıqda səfərlərdən çəkinməyə və rəsmi xəbərdarlıqlara əməl etməyə çağırıb.








