Heydər Əliyev Mərkəzində "Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib
Heydər Əliyev Mərkəzində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda panel iclas keçirilib.
“TV1” xəbər verir ki, 3 May – Türkçülük Gününə həsr edilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.
Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardından Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Türk dünyasının ortaq dəyərlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir çıxış edib. O, Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə iki dəyirmi masa keçirildiyini diqqətə çatdırıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Türk dünyasını təkcə ortaq tarixin deyil, həm də ümumi mənəvi dəyərlərin birləşdirdiyini deyib.
O bildirib ki, nə xoş ki, bu gün Türk dünyası artıq bir xəyal deyil, reallıqdır, tarixi missiyadır: “Bu, gələcək nəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır”.
Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxış edib. O, Türk Dövlətləri Təşkilatının (TDT), sadəcə, regional platforma deyil, eyni zamanda, həmrəyliyin təzahürü, beynəlxalq aləmdə əməkdaşlığı və birliyi təşviq edən platforma olduğunu bildirib:
“Siyasi həmrəylik, enerji təhlükəsizliyi, elm və mədəni diplomatiya sahəsində ortaq əməkdaşlıq üzərində çalışırıq. Biz sülhün, qarşılıqlı etimadın bərqərar olduğu bölgə qurmağı hədəfləyirik. Elm və texnologiyadan tutmuş enerji əməkdaşlığına qədər birgə strategiyalar, proqramlar və layihələr hazırlamaq labüddür və biz bunu dəstəkləyirik. Mədəni diplomatiya sahəsində fəaliyyətlərin dərinləşdirilməsi təkcə Türk dünyasında deyil, beynəlxalq ictimaiyyətdə də müsbət türk obrazının formalaşmasına səbəb olacaq”.
İclasa videoformatda qoşulan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun isə Türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilən paneli son dərəcə mənalı hesab etdiyini və xeyirli olacağına ümidvarlığını ifadə edib.
O, qeyd edib: “Türk Dövlətləri Təşkilatı türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirərək bölgəmizin ən güclü əməkdaşlıq strukturlarından birinə çevrilib. Türkiyə bu strukturu daha da gücləndirmək və ortaq dəyərlər əsasında irəliləyişini davam etdirmək üçün ilk gündən böyük səylər göstərir.
Mərhum İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, əməldə Birlik” şüarı keçmişdən bu günə Türk dünyasının şüarı olub.
“Dildə birlik”: Bu, ünsiyyət və anlaşmamızı gücləndirmək və ümumi dilin daşıyıcısı olduğu dəyərləri nəsillər boyu yaşatmaq deməkdir.
“Fikirdə birlik”: Türk Dünyasının ortaq baxışını qlobal sınaqlar və çağırışlar qarşısında ortaq strateji düşüncə ilə formalaşdırmaq deməkdir.
“Əməldə birlik”: Məqsədimiz iqtisadi inkişafdan təhsil islahatlarına, rəqəmsal transformasiyadan gənclərin bilik və bacarıqlarının inkişafına qədər hər sahədə konkret layihələrlə irəliləməkdir.
Türk dünyası ölkələri olaraq ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə bu gün əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyətini daşıyırıq. Bu məsuliyyəti dərk edərək ümid edirəm ki, panelimiz intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, konkret addımlarla irəliləməyimizi təmin edən ilham mənbəyi olacaq. Türk dünyasının qədim mərkəzlərindən biri olan Bakıda keçirdiyimiz toplantının dəyərli natiqlərinə və tədbirin təşkilində əməyi keçən dəyərli həmkarlarıma təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu görüş Türk millətinin və Türk dünyasının gələcəyi və firavanlığı üçün faydalı olacaq”.
Panel iclasda iştirak edən TDT-yə üzv və müşahidəçi ölkələrin nümayəndələri Türk dünyası ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə edib, əlaqələrin dərinləşdirilməsi naminə təkliflər irəli sürüblər.
Tədbir bədii hissənin nümayişi ilə yekunlaşıb.