media-1200x100

Humanitar yardım missiyası əməkdaşlarının həlak olması halları artıb - BMT

media-ads_728_90

2023-cü ildə silahlı münaqişə zonalarında BMT-nin humanitar missiyalarının ən çox əməkdaşı həlak olub. Bu il isə onların arasında ölüm hallarının daha da artacağı təxmin edilir.

“TV1” xəbər verir ki, bu barədə məlumat 19 avqustda qeyd edilən Ümumdünya Humanitar Günü tədbirində açıqlanıb.

BMT-nin saytında yayılan məlumatda qeyd edilib ki, bu faktlar bir həqiqəti ortaya qoyur: dünyada humanitar fəaliyyətlə məşğul olan missiyaların fəaliyyəti ciddi təhlükələrlə üzləşir.

“Silahlı münaqişə zamanı humanitar məsələləri tənzimləmək və yaranan fəsadları məhdudlaşdırmaq üçün hamılıqla qəbul edilmiş beynəlxalq qanunlara baxmayaraq, yardım göstərən işçilərin öldürülməsi və xəsarət alması halları görünməmiş həddə çatır. Onlara hücum edənlər isə ədalətdən yayınmağa davam edirlər”, – deyə məlumatda vurğulanıb.

Təşkilat humanitar yardım fəallarına, habelə dinc əhaliyə və mülki infrastruktura hücumların dayandırılması tələbini irəli sürüb:

“Ümumdünya Humanitar Günündə biz bu cinayətlərə və onları törədənlərə qarşı cəzasızlığa son qoyulmasını tələb edirik. Hakimiyyətdə olanların bu istiqamətdə qəti addımlar atmasının vaxtıdır”.

2003-cü il avqustun 19-da İraqın paytaxtı Bağdadda “Canal” hotelinə bombalı hücum nəticəsində 22 humanitar yardım işçisi, o cümlədən, BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Sergio Vieira de Mello həlak olub. Beş il sonra Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 19 avqustun Ümumdünya Humanitar Günü (WHD) kimi qeyd edilməsi haqqında qətnamə qəbul edib.

Hər il WHD böhranlardan təsirlənən insanların sağ qalması, yardım işçilərinin təhlükəsizliyini müdafiə etmək üçün humanitar sistem üzrə tərəfdaşları bir araya gətirərək bir mövzuya diqqət yetirir.

WHD Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) kampaniyasıdır.

media-ads_728_90
Paylaş