media-1200x100

Nəsiman Yaqublu dünyasını dəyişdi

media-ads_728_90

Avqustun 25-də Azərbaycan cəmiyyəti daha bir ziyalısını – Nəsiman Yaqublunu itirdi. Cəbrayıl rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman idarəetmənin itirilməsi səbəbindən qəza baş verib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nəsiman Yaqublu xəstəxanaya çatdırılsa da, tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Onun vəfatı Azərbaycan elmi üçün böyük itkidir. Azərbaycan mətbuat tarixinin tanınmış araşdırmaçılarından olan professor Nəsiman Yaqublu cümhuriyyət dövrünün, həmçinin Məhəmməd Əmin Rəsulzadə irsinin də tədqiqi yolunda əvəzsiz işlər görüb.

Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunda anadan olub. Bu rayonun da orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.

1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını yazıb və 30000 tirajla çap etdirib.

1993-cü ildə “Azərbaycan ordusu” qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib. Tarix elmləri doktoru Nəsiman Yaqublu Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru olub.

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.

N.Yaqublunun xatirəsi qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin!

media-ads_728_90
Paylaş