Şuşa şəhər xəstəxanasının tikintisi yaxın vaxtlarda başa çatacaq - RƏSMİ
“Yaxın vaxtlarda Şuşa şəhər xəstəxanasının tikintisi başa çatacaq. Bu, Şuşada tibb xidmətinin daha yüksək səviyyədə təşkil olunmasına şərait yaradacaq”.
“TV1” xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.
A.Kərimov bildirib ki, Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilib:
“Burada yüksək səviyyəli səhiyyə xidmətləri göstərilməsi üçün müvafiq tədbirlər görülməyə başlanıldı. Azərbaycan həkimləri fədakarlıq və əzm göstərərək ilk gündən Şuşada fəaliyyətə başlayıb. Artıq dördüncü ildir ki, Şuşada, Qarabağda və Şərqi Zəngəzurun digər bölgələrində həkimlər uğurla xidmət göstərirlər”. /azərtac/