1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

media-ads_728_90

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib və qloballaşma şəraitində milli dilimizin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Qloballaşan dünyada Azərbaycan dilinin qorunmasının vacibliyi Prezident İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də xüsusi vurğulanıb. Dövlətimizin başçısı dilimizin xarici təsirlərdən qorunmasının hər birimizin vəzifəsi olduğunu diqqətə çatdırıb:

“Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən – istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm. Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var”.

Xatırladaq ki, Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub.

Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb və dil siyasətinin həyata keçirilməsi institusional əsaslarla təmin olunub. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dövlət dilinin hüquqi statusunu tam şəkildə müəyyənləşdirib.

Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 14 yanvar tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinə imkan yaradıb.

Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. 2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət funksiyalarının Mədəniyyət Nazirliyinə həvalə edilməsi bu sahədə dövlət nəzarətinin daha da gücləndirilməsini təmin edib.

Bu il isə ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlamətdardır. 1926-cı ildə Bakıda keçirilmiş qurultay türk xalqlarının dil, əlifba və mədəni inteqrasiyası baxımından mühüm mərhələ olub. Qurultayda latın qrafikasına keçid, ortaq yazı sistemi və türk dillərinin inkişafı ilə bağlı məsələlər geniş müzakirə edilib.

Bir əsr sonra həmin tarixi irsin davamı olaraq Azərbaycan dili və əlifbasının qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması dövlət dil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizin keçdiyi tarixi yolu, onun qorunması istiqamətində görülən işləri və gələcək nəsillərə ötürülməsi məsuliyyətini bir daha diqqətə çatdırır. /azərtac/

media-ads_728_90
Paylaş