Paşinyan: Yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsi imzalanacaq

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib.

“TV1” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, N.Paşinyan bu barədə yeni Konstitusiya layihəsininin dərc edilməsindən sonra xalqa canlı yayımlanan videomüraciətində danışıb.

Ermənistanın Baş naziri xalqa müraciətində bu məsələyə “bütün mənəvi, siyasi və insani etibarlılığını” qoyduğunu bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanla sülh müqaviləsi təkcə imzalanıb ratifikasiya edilməyəcək, həm də institusional sülh təmin olunacaq.

Paşinyan bir daha bəyan edib ki, referendumda vətəndaşlar yeni Konstitusiyanın əleyhinə səs versələr, istefa verəcək, yox əgər, Konstitusiya dəstəklənərsə, növbəti seçkilərdə Baş nazir postuna namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, bu gün Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib. Yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

media-ads_728_90
Paylaş