28 May - Müstəqillik Günü - Tariximizin şanlı səhifəsi

media-ads_728_90

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur.

“TV1” xəbər verir ki, 107 il əvvəl Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti qurulub.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Müsəlman Şərqində ilk parlamentli respublika kimi yaranan Cümhuriyyət, milli suverenliyin, xalq hakimiyyətinin və insan hüquqlarının qorunduğu demokratik bir cəmiyyətin əsasını qoydu. O dövrün mürəkkəb geosiyasi şəraitinə, daxili və xarici təhdidlərə baxmayaraq, Azərbaycan xalqı bir daha sübut etdi ki, müstəqillik onun üçün yalnız siyasi status deyil, həm də tarixi haqq, mənəvi dəyər və ali idealdır.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin və mühüm missiyanı imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. İlk parlament və hökumət təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi qəbul olundu. Azərbaycan dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı.

Respublikanın ərazi bütövlüyünü və milli təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görüldü. Qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik hərbi hissələr yaradıldı, milli xüsusiyyətlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarif və mədəniyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul olundu. Mövcudluğunun ilk günlərindən demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı.

Ancaq Cümhuriyyət 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalına məruz qalaraq müstəqilliyini itirdi.

Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra – 1991-ci ildə bərpa edə bildi. Lakin əsl müstəqilliyimiz 1993-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı. Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etdi.

Ümummilli Lider xilaskarlıq missiyasını üzərinə götürərək respublikanı çətin sınaqlardan uğurla çıxardı, dövlət müstəqilliyini qorudu və möhkəmləndirdi. İndi çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq xəyalları reallığa çevirdi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində dövlət Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Hazırda isə azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı müvəffəqiyyətlə icra olunur.

Bu gün müasir Azərbaycan 107 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı güclü, dünyada sayılıb-seçilən dövlətdir. Müasir Azərbaycan dövləti hərtərəfli və dinamik inkişaf yolundadır. İqtisadiyyatdan tutmuş ordu quruculuğuna, təhsildən tutmuş beynəlxalq nüfuza qədər bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq miqyasda da söz və nüfuz sahibinə çevrilib. Azərbaycan bu gün öz milli maraqlarını əsas tutaraq, müstəqil və prinsipial siyasət yürüdən nadir ölkələrdən biridir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, sarsılmaz ideoloji-siyasi təməllər üzərində qurulmuşdur. Bu siyasət nəticəsində Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə etibarlı tərəfdaş, sülh və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi tanınır.

28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil, milli qürurun, dövlətçilik şüurunun və müstəqil yaşamaq haqqının simvoludur. Bu gün xalqımız 28 May – Müstəqillik Gününü böyük sevinc, xüsusi əhvali-ruhiyyə və sonsuz fəxarətlə qeyd edir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub.

Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir.

Azərbaycanda Müstəqillik Günü hər il bayram kimi qeyd olunur.

 

media-ads_728_90
Paylaş