Dağların Qəlbi Yenidən Döyünür – Azad Kəlbəcər/VİDEO

media-ads_728_90

Kəlbəcərin işğalına aparan yol…

1992-ci il aprelin 8-də Kəlbəcərin işğalından 1 il əvvəl ermənilər tərəfindən rayonun Ağdaban kəndində soyqırım törədilib. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər amansızlıqla qətlə yetirilib.

“TV1” xəbər verir ki, həmin dövrdə növbəti qırğın ermənilər tərəfindən Kəlbəcər-Laçın tunelində törədilib. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları qətlə yetiriblər.

Sağ qalanlar girov götürülüb, dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam ra­yo­nu ərazisində öldürülən Avo ləqəbli Monte Mel­konyan başçılıq edib. Tuneldəki qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı cinayətlərindən biri isə 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlardakı mağaralara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün ərzində gizlənə biliblər. 1993-cü il aprelin 18-də erməni silahlı quldurları qadın, uşaq və yaşlıların gizləndikləri yeri müəyyən etdilər. Başlıbelin işğalı zamanı erməni faşistləri tərəfindən 27 nəfər qətlə yetirildi. 19 qadın, uşaq və qoca girov götürülüb.

Erməni faşist gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara qaçıb və 113 gün gizli mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq 4 gün piyada yol gedən 29 nəfər isə 1993-cü il iyulun 22-də Daşkəsən rayonuna keçə biliblər. 1993-cü il martın 27-dən aprelin 3-nə kimi gedən ağır döyüşlərdə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal ediblər. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci “dəhliz” açdı.

Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə hərbi əməliyyat keçirilmədən və bir şəhid verilmədən işğaldan azad edilib. 28 illik işğaldan sonra Azərbaycan Ordusu rayona daxil olaraq dövlət bayrağını qaldırıb. Bu tarix rəsmi olaraq Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu böyük Zəfərinə imza atdı. Və artıq Kəlbəcər də daxil olmaqla, bütün işğaldan azad olunmuş torpaqlarımız yenidən qurulur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü iradəsi və yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycan dövləti özünün yeni inkişaf dövrünü yaşayır. Soydaşlarımız artıq uzun illər həsrət qaldıqları dədə-baba yurdlarına geri dönürlər. Dövlətimiz tərəfindən Qarabağda və Şərqi Zəngəzurda soydaşlarımızın təhlükəsiz və rahat yaşamaları üçün lazım olan bütün şərait yaradılıb, yeni evlər tikilir və infrastrukturlar qurulur.

Çiçəklənən ata yurdumuz Kəlbəcər artıq azadlığına qovuşub və xoşbəxt günlərini yaşayır. Kəlbəcər xalqımızın tariximizə yazdığı yeni qəhrəmanlıq dastanıdır.

media-ads_728_90
Paylaş