Akademik: Rəqəmsal dövlətin mühüm missiyalarından biri də linqvistik suverenliyin təmin olunmasıdır

media-ads_728_90

Ölkəmizdə uğurla formalaşmaqda olan rəqəmsal dövlətin yeni arxitekturasının əsas tələblərindən biri də virtual mühitdə Azərbaycan dili ekosisteminin, başqa sözlə, ölkənin kibersuverenliyinin mühüm tərkib hissəsi kimi linqvistik suverenliyinin təmin olunmasıdır.

“TV1” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib.

Alim qeyd edib ki, Azərbaycan dili yalnız cəmiyyətin gündəlik və rəsmi ünsiyyət vasitəsi kimi deyil, həm də virtual məkanda əsas rəqəmsal kommunikasiya vasitəsi kimi inkişaf etdirilməlidir. Azərbaycan dilinin təbii dilin emalı, süni intellekt, sosial şəbəkələr və digər rəqəmsal platformalar üçün tam funksional rəqəmsal dilə transformasiyası mühüm vəzifələrdən biridir.

Akademik Rasim Əliquliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni rəqəmsal arxitekturasının formalaşdırılması kontekstində təbii Azərbaycan dili ilə yanaşı, rəqəmsal Azərbaycan dilinin formalaşdırılması, onun bütün funksional imkanları və xidmətlərini əhatə edən vahid onlayn linqvistik ekosistemin yaradılmasının vacibliyini önə çəkib. Qeyd edib ki, belə bir ekosistemin formalaşdırılması rəqəmsal platformada insan-kompüter və kompüterlərarası qarşılıqlı əlaqənin Azərbaycan dili əsasında qurulması, ünsiyyət imkanlarının genişləndirilməsi, həmçinin bu dildən digər dillərə tərcümələrin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar yaradacaq.

İnstitutun baş direktoru Azərbaycan dilinin təkcə milli kimliyin və mədəni irsin əsas daşıyıcısı olan ana dili kimi deyil, həm də rəqəmsal texnologiyaların, süni intellektin dili kimi inkişaf etdirilməsinin son dərəcə vacib olduğunu vurğulayıb: “Rəqəmsal dövlət mühitində bu təşəbbüs və ideyaların reallaşdırılması Azərbaycan dilinin qorunması və inkişafı ilə yanaşı, ölkənin linqvistik suverenliyinin daha da möhkəmləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, qlobal informasiya məkanında Azərbaycan dilinin kibertəhdidlərdən qorunması və onlara qarşı effektiv mübarizə mexanizmlərinin işlənilməsi üçün geniş imkanlar açacaq”.

Alim, həmçinin onlayn mühitdə Azərbaycan dili ekosisteminin formalaşdırılması ilə bağlı həyata keçirilən tədqiqatlar haqqında məlumat verib. İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən bu ekosistemin mühüm komponentləri kimi Milli Terminoloji İnformasiya Sistemi, “Adlar və soyadlar dövlət informasiya sistemi” və Milli Transliterasiya Sisteminin yaradıldığını bildirib. Baş direktor hazırda institutun əməkdaşları tərəfindən süni intellekt və təbii dilin emalı texnologiyalarının tətbiqi ilə rəqəmsal platformada fərdlərin dil korpuslarının formalaşdırılması və identifikasiyası, Azərbaycan dilində olan mətnlərdə kibertəhlükələrin, o cümlədən dezinformasiyanın aşkarlanması və onlara qarşı mübarizə mexanizmlərinin işlənilməsi istiqamətində araşdırmalar aparıldığını diqqətə çatdırıb.

media-ads_728_90
Paylaş