Avropada və Türkiyədə meşə yanğınları genişlənir: Minlərlə insan təxliyə olunub, üç yanğınsöndürən həlak olub
Yunanıstanın Krit adasında genişlənən meşə yanğınları səbəbindən 8 minə yaxın insan təxliyə edilib. Son 24 saatda Yunanıstanda üç yanğınsöndürən həyatını itirib.
“TV1” xəbər verir ki, Avropada davam edən ekstremal istilər və güclü küləklər fonunda Yunanıstan, İspaniya, Portuqaliya, Fransa və Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir.
Yunanıstanın Krit adasının Retimno bölgəsində güclü küləklərin təsiri ilə sürətlə yayılan yanğınlar səbəbindən gecə saatlarında təxminən 8 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Alovun cəbhəsinin 15 kilometri keçdiyi, bir sıra yaşayış evləri və kənd təsərrüfatı sahələrinin yandığı bildirilir.
Yunanıstanda çərşənbə günü Krit adasında iki, Peloponnes yarımadasındakı Gitio şəhəri yaxınlığında isə daha bir yanğınsöndürən həlak olub.
Hazırda Retimno bölgəsində yanğının söndürülməsinə 224 yanğınsöndürən, 53 xüsusi texnika, 11 ixtisaslaşmış bölmə və iki təyyarə cəlb edilib. Lakin saatda 125 kilometrə çatan külək yanğının lokallaşdırılmasını çətinləşdirir.
İspaniyada Portuqaliya sərhədi yaxınlığındakı Samora bölgəsində baş verən yanğın səbəbindən 600-ə yaxın sakin təxliyə olunub. Madrid yaxınlığındakı yanğınların yayılması isə dayandırılıb və minlərlə sakinin evlərinə qayıtmasına icazə verilib.
İspaniyanın Avila əyalətində son bir həftədə 43 min hektardan çox ərazini əhatə edən yanğının ölkə tarixində qeydə alınmış ən böyük meşə yanğını olduğu bildirilir.
Portuqaliyanın Valpaços şəhərində baş verən yanğın nəticəsində azı beş nəfər xəsarət alıb.
Türkiyə rəsmiləri isə ölkədə baş verən yanğınların böyük hissəsinin nəzarət altına alındığını, buna baxmayaraq yüzlərlə evin təhlükəsizlik məqsədilə boşaldıldığını açıqlayıb.
Fransanın Jirond bölgəsində son üç gündə 42 min hektardan çox ərazini məhv edən meşə yanğınının yayılması dayanıb. Ölkənin cənub-şərq bölgələrində isə yüksək temperatur səbəbindən narıncı səviyyəli istilik xəbərdarlığı elan edilib.
Meteoroloqlar yaxın günlərdə yanğın riskinin Mərkəzi Avropaya doğru genişlənəcəyini bildirirlər. Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişikliyi Avropada istilik dalğalarının, quraqlığın və meşə yanğınlarının intensivliyini artırır.








