Azad edilən ərazilərdə 80 min hektarın suvarma suyu ilə təmin olunması nəzərdə tutulur

media-ads_728_90

Prezidentin təsdiq etdiyi “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi əsas hədəflərdən biridir.

“TV1” xəbər verir ki, bunu Zəngilanda keçirilən regional müşavirədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

O, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən və planlaşdırılan meliorasiya və su təsərrüfatı layihələri barədə məlumat verib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda təxminən 2 milyard kubmetr həcmində su ehtiyatları mövcuddur və bu resurslar bölgənin aqrar potensialının reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Sədr müavini qeyd edib ki, Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının bərpası nəticəsində 110 min hektardan artıq ərazinin suvarılması üçün imkan yaradılıb. Eyni zamanda, Zabuxçay su anbarı və magistral boru kəmərinin istifadəyə verilməsi Qubadlı və Zəngilan rayonlarında 12 min hektardan çox əkin sahəsinin su təminatını yaxşılaşdırıb.

Rafiq Aslanov bildirib ki, hazırda Sərsəng və Bərgüşadçay su anbarları üzrə layihələr həyata keçirilir, Həkəriçay su anbarının tikintisinə başlanılması planlaşdırılır. Qız Qalası magistral kanalının inşası isə Füzuli və Cəbrayıl rayonlarında 12 min hektar ərazinin suvarılmasına, həmçinin Arazboyu rayonlarda su təminatının yaxşılaşdırılmasına imkan verəcək.

Onun sözlərinə görə, hazırlanmış layihələr çərçivəsində Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında ümumilikdə 80 min hektara yaxın ərazinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulur.

Rafiq Aslanov vurğulayıb ki, su ehtiyatlarından səmərəli istifadə məqsədilə damcı və pivot kimi müasir suvarma texnologiyalarının tətbiqi genişləndirilməli, əkin strukturu mövcud su resurslarına uyğun formalaşdırılmalıdır.

media-ads_728_90
Paylaş