Azərbaycan cazı Romanın məşhur səhnəsində alqışlarla qarşılanıb

media-ads_728_90

İtaliyanın paytaxtı Romada Azərbaycan caz sənətinin təqdimatına həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.

“TV1” xəbər verir ki, iyunun 18-də Romanın nüfuzlu “Casa del Jazz” mədəniyyət məkanında “Xəzərin səsi: Azərbaycan cazı” (“Il suono del Caspio: Jazz dell’Azerbaigian”) adlı konsert təşkil olunub.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, ICCROM-un baş direktoru Aruna Francesca Maria Gujral, İtaliya Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də çoxsaylı musiqisevərlər iştirak ediblər.

Konsert proqramında Azərbaycanın tanınmış musiqiçiləri – Xalq artistləri Eldar Mansurov və Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, həmçinin tanınmış ifaçılar Elnur Hüseynov və Aysel Teymurzadə səhnəyə çıxıblar.

Azərbaycan musiqiçilərinin təqdimatında milli xalq musiqisinin zəngin intonasiyalarını müasir caz improvizasiyaları ilə birləşdirən əsərlər səsləndirilib. İfa olunan kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Konsert zamanı Azərbaycan caz məktəbinin özünəməxsus üslubu, milli musiqi ənənələri ilə dünya caz mədəniyyətinin sintezi nümayiş etdirilib. Tədbir bir daha göstərib ki, Azərbaycan cazı beynəlxalq mədəni dialoqun inkişafında mühüm rol oynayan sənət istiqamətlərindən biridir.

Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbir, eyni zamanda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, son illər Azərbaycan musiqisinin və milli mədəni irsinin xarici ölkələrdə tanıdılması istiqamətində həyata keçirilən layihələr ölkənin mədəni diplomatiya imkanlarının gücləndirilməsinə və beynəlxalq nüfuzunun daha da artmasına töhfə verir.

media-ads_728_90
Paylaş