Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

media-ads_728_90

Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu marşrutu üzrə sərnişinlərin artan tələbatının qarşılanması məqsədilə qatarların tutumu əhəmiyyətli dərəcədə genişləndirilib.

“TV1” xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə edilib. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb. Beləliklə, marşrut üzrə sərnişin yerlərinin sayı ilkin göstərici ilə müqayisədə təxminən 120 faiz artırılıb. Əlavə vaqonların istismara verilməsi sərnişinlərə daha geniş seçim imkanı yaradaraq daha çox vətəndaşın bu marşrut üzrə səyahət etməsinə şərait yaradır.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə müşahidə olunan yüksək doluluq beynəlxalq dəmir yolu sərnişindaşımalarına marağın artdığını göstərir. İndiyədək bu istiqamətdə 23 minə yaxın sərnişin daşınıb, qatarların doluluq səviyyəsi isə 100 faiz təşkil edib. Xüsusilə Gürcüstandan Azərbaycana səfərlər üzrə tələbat çox yüksək olduğundan satışa çıxarılan biletlər qısa müddətdə tükənir. Bu tendensiya daha çox yay mövsümündə və bayram günləri ərəfəsində müşahidə olunur.

Vurğulanıb ki, marşrut üzrə biletlərin satış dinamikası, sərnişin axını və vaqonların doluluq göstəriciləri mütəmadi təhlil edilir. Təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və əlavə vaqonların istismara verilməsi istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, hərəkət qrafiki, stansiyaların imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla, qarşılıqlı razılaşdırmalar əsasında həyata keçirilir. Məhz bu səbəbdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır. Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi məqsədilə Gürcüstan tərəfi ilə zəruri texniki və əməliyyat işləri davam etdirilir.

ADY-dən bildirilib ki, qurum sərnişin tələbatını daim təhlil etməyə, mövcud resurslardan səmərəli istifadə etməyə və marşrutun imkanlarını mərhələli şəkildə genişləndirməyə davam edəcək.

media-ads_728_90
Paylaş