Azərbaycan gücünü, birliyini və qlobal mövqeyini möhkəmləndirir – TƏHLİL

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciəti ölkənin son illərdə keçdiyi tarixi yolun, əldə etdiyi strateji nailiyyətlərin və formalaşmış güclü dövlət modeli baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti həm ötən ilin yekunu, həm də gələcək hədəflərin aydın siyasi konturları kimi çıxış edir.

Zəfərin beşinci ili: tarixi ədalətin bərpası

2025-ci ildə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edir. 30 ilə yaxın davam edən işğala son qoyulması təkcə hərbi qələbə deyil, beynəlxalq hüququn və tarixi ədalətin bərpası idi. Prezidentin müraciətində bu Zəfər müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri kimi dəyərləndirilir.

“Azərbaycan xalqı artıq beşinci ildir ki, öz tarixi Zəfərini qalib xalq və qalib dövlət kimi qeyd edir. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi”, – deyə dövlət başçısı bildirib.

Otuz ilə yaxın davam edən işğala son qoyulması milli iradənin, xalq–iqtidar birliyinin və güclü ordunun nəticəsi kimi dəyərləndirilib. Prezident qeyd edib ki, bu Zəfər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib.

Güclü ordu və təhlükəsizlik prioriteti

Müraciətdə son beş ildə Azərbaycan Silahlı Qüvvələrinin yeni silah və hərbi texnika ilə təchiz olunması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması ölkənin müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini vurğulayan ölkə başçısı qlobal miqyasda silahlanmanın artdığı, yeni təhlükəsizlik çağırışlarının meydana çıxdığı bir dövrdə Azərbaycanın prioritet olaraq öz milli təhlükəsizliyini gücləndirməsi strateji zərurət kimi təqdim olunur. Prezident bu məsələyə toxunaraq bildirib:

“Biz müharibə istəmirik, amma hər an özümüzü müdafiə etməyə hazır olmalıyıq.  Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir.”

Ölkə başçısının sözlərinə görə, müasir dünyada təhlükəsizlik hər bir müstəqil dövlət üçün əsas şərtdir.

Zəfərin beynəlxalq müstəvidə təsdiqi

Vətən müharibəsindən sonra Azərbaycanın əsas hədəflərindən biri əldə edilən Qələbəni beynəlxalq müstəvidə möhkəmləndirmək olub. Dövlət başçısı vurğulayıb ki, bu istiqamətdə məqsədyönlü diplomatik siyasət nəticə verib: “Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə çıxarılıb.”

Prezident İlham Əliyev Minsk qrupunun fəaliyyətinin faktiki olaraq başa çatdığını bildirərək, “ATƏT-in Minsk qrupu tarixə qovuşdu” ifadəsi ilə bu mərhələnin tam bağlandığını qeyd edib.

Sülh gündəliyi və regional sabitlik

Azərbaycanın regionda sülhün əsas təşəbbüskarı olduğu müraciətin əsas mesajlarından biri kimi təqdim edilib. Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə aparılan danışıqlar və əldə olunan razılaşmalar Azərbaycanın regionda dayanıqlı sülhün əsas təşəbbüskarı olduğunu bir daha nümayiş etdirir. Bu yanaşma Bakının müharibədən sonra revanş yox, uzunmüddətli sabitlik xəttini seçdiyini göstərir:

“Azərbaycan regionda sülhün təmin olunmasının əsas təşəbbüskarıdır. “Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır”

Bu mövqe ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirən əsas amillərdən biri kimi dəyərləndirilir.

Quruculuq, inkişaf və beynəlxalq nüfuz

Azərbaycanda bütün ölkə üzrə aparılan genişmiqyaslı quruculuq işləri, bölgələrin inkişafı dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindəndir. Paralel olaraq Azərbaycanın beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb.  Dövlət başçısı açıq şəkildə bildirib ki, Azərbaycan heç bir halda daxili işlərinə müdaxiləyə yol verməyib və verməyəcək:

“Biz heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim daxili işlərimizə qarışsın.”

Güclü dövlət modeli: siyasi iradə və milli birlik

Xalq–iqtidar birliyi, güclü siyasi iradə, müasir ordu və dayanıqlı iqtisadi potensial Azərbaycanın gücünü formalaşdıran əsas amillərdir. İlham Əliyev vurğulayıb “Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.”

Çoxşaxəli xarici siyasət və beynəlxalq platformalar

Azərbaycanın 8 beynəlxalq təşkilata üzvlüyü, Orta Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzv kimi iştirakı çoxşaxəli xarici siyasətin nəticəsidir. 2025-ci ildə Xankəndidə keçirilən ECO Zirvə görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı türk dünyasının birliyi istiqamətində atılan mühüm addımlar kimi dəyərləndirilir.

Prezident İlham Əliyev xatırladıb ki, bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbir keçirilmişdir: “Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü xüsusilə qeyd etməliyəm. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində bir daha önəmli addım olmuşdur. Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq.”

İqtisadi göstəricilər: sabitlik və güvən

Prezidentin müraciətində iqtisadi nailiyyətlər də xüsusi yer tutur. Valyuta ehtiyatlarının 80 milyard dolları ötərək tarixi rekord həddə çatması, xarici borcun ÜDM-in cəmi 6,3 faizini təşkil etməsi Azərbaycanın maliyyə dayanıqlığını açıq şəkildə nümayiş etdirir. Beynəlxalq reytinq agentliklərinin kredit reytinqlərini yüksəltməsi isə bu siyasətə qlobal etimadın göstəricisidir.

Prezident İlham Əliyev vurğulayıb, Azərbaycan bu il əldə olunmuş uğurlarla fəxr edə bilər: “Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb – 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar – investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.”

Böyük Qayıdış: dirçələn Qarabağ

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı müraciətin əsas humanitar və strateji xəttidir. Artıq azad olunmuş torpaqlarda 70 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Keçmiş məcburi köçkünlərin 32 yaşayış məntəqəsinə qayıdışı tarixi ədalətin sosial müstəvidə də bərpasıdır.

Prezident qeyd edib ki, artıq on minlərlə insan doğma yurdlarına qayıdıb:

“Azad olunmuş torpaqlara həyat qayıdır. Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır.”

Bu gün azad edilmiş ərazilərdə insanlar yaşayır, işləyir və təhsil alır ki, bu da tarixi ədalətin bərpasının real göstəricisidir.

Dünya azərbaycanlılarına ünvanlanan mesaj

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezident İlham Əliyev bütün soydaşlara xüsusi mesaj ünvanlayıb:

“Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.”

Dövlət başçısı vurğulayıb ki, “hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir” və milli birlik Azərbaycanın əsas güc mənbəyidir.

Prezidentin Yeni İl müraciəti Azərbaycanın artıq regional deyil, qlobal proseslərdə söz sahibi olan güclü dövlətə çevrildiyini nümayiş etdirir. Bu müraciət həm görülən işlərin rəsmi yekunu, həm də gələcəyə ünvanlanan aydın siyasi mesajdır:

“Biz yeni ilə böyük inamla və nikbinliklə qədəm qoyuruq.”

media-ads_728_90
Paylaş