Azərbaycan OPEC+ formatında əməkdaşlığın möhkəmləndirilməsinə töhvə vermək niyyətindədir

media-ads_728_90

Azərbaycan OPEC+ formatında əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək niyyətindədir.

“TV1” xəbər verir ki, bunu Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyası çərçivəsində ilk iclasda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib

“Müasir dünyada ölkənin enerji sahəsində təsiri təkcə enerji resurslarının hasilat həcmi ilə deyil, həm də tədarükün etibarlılığı, şaxələndirilmiş ixrac infrastrukturu və tərəfdaşların etimad səviyyəsi ilə müəyyən olunur.

Azərbaycanın strateji əhəmiyyəti enerji resurslarının hasilat həcmi ilə deyil, regionları və bazarları etibarlı şəkildə birləşdirmək, tərəfdaşların enerji təhlükəsizliyinə töhfə vermək və etibarlı tərəfdaş kimi çıxış etmək qabiliyyəti ilə ölçülür. Bu etimad ölkənin OPEC+ formatında fəal iştirakı sayəsində daha da möhkəmlənir.

Azərbaycanın enerji siyasəti OPEC+ platformasının əsas məqsədlərinə tam uyğundur. Bu platforma təkcə neft hasilatının tənzimlənməsi mexanizmi deyil. O, eyni zamanda qlobal neft bazarında sabitliyin qorunmasına və istehsalçı ölkələrlə istehlakçı ölkələrin maraqları arasında balansın saxlanmasına xidmət edən mühüm əməkdaşlıq platformasıdır”, – deyə Pərviz Şahbazov bildirib.

Nazirin sözlərinə görə, OPEC+ çərçivəsində əməkdaşlığın gələcək inkişafı baxımından Əməkdaşlıq Xartiyasında nəzərdə tutulan istiqamətlər xüsusi əhəmiyyət kəsb edir. Bunlara neftin ən böyük istehlakçısı olan ölkələrlə dialoqun inkişaf etdirilməsi, neft sənayesində texnologiyaların, innovasiyaların və investisiyaların təşviqi, tənzimləmə sahəsində əməkdaşlığın gücləndirilməsi, neft bazarı üzrə analitik imkanların təkmilləşdirilməsi və sahə standartlarının inkişafı daxildir.

“Əməkdaşlıq Xartiyası çərçivəsində Texniki Komitənin ilk iclası sənəddə müəyyən edilmiş məqsədlərin praktiki icrası istiqamətində mühüm addımdır.

Bu iclas tərəfdaşlar arasında dialoqun dərinləşdirilməsinə, daha strukturlaşdırılmış və sistemli əməkdaşlıq modelinin formalaşdırılmasına, həmçinin OPEC+ çərçivəsində uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək”, – deyə o bildirib.

Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycan bu dialoqa ev sahibliyi etmək imkanından qürur duyur və OPEC+ formatında əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhvə vermək niyyətindədir.

Onun sözlərinə görə, Bakı tarix boyu Şərqlə Qərb, enerji resurslarının istehsalçıları ilə istehlakçıları, eləcə də keçmişlə gələcək arasında körpü rolunu oynayıb.

“Bu gün Bakı həm də ənənəvi energetika ilə enerji keçidinin yeni reallıqlarını bir araya gətirən etibarlı dialoq platformasına çevrilib”, – deyə nazir qeyd edib.

O, iclas çərçivəsində aparılan müzakirələrin OPEC+ formatında əməkdaşlığın daha da inkişafına, qlobal enerji təhlükəsizliyinin, qarşılıqlı etimadın və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

media-ads_728_90
Paylaş