Azərbaycan Ordusunun tarixində yeni səhifə açan HADRUT ZƏFƏRİ

media-ads_728_90

Beş il əvvəl sentyabrın 27-də başlanğıcını götürən 44 gün əlamətdar hadisələrlə yadda qaldı. Hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən tapdağından xilas edir, hər gün döyüş meydanlarından şad xəbərlər gəlirdi.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını belə təsvir edirdi: “Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər”.

“TV1” xəbər verir ki,  qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə nəinki 30 illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi, hətta 200 ildən sonra Azərbaycanın möhtəşəm Qələbə tarixini də yazdı. İndi Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsində qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmiş Ordumuzdan bir neçə dəfə güclüdür.

Hadrut əməliyyatı Şuşaya yol açdı

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün yeni döyüş ənənələrini formalaşdırdı. Belə ki, minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmaq Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını deməyə imkan verir. Hətta mütəxəssislər də bildirirlər ki, Silahlı Qüvvələrimizin 44 gün ərazində apardığı döyüş əməliyyatı dünyanın ən qabaqcıl hərbi məktəblərində araşdırılır və öyrədilir. Ordumuzun ağıllı və düşünülmüş azadetmə əməliyyatı digər vacib məqamlarla da yadda qaldı. Belə ki, hərbçilərimiz düşmənin gözləmədiyi yerlərdən, dərinliklərdən sızaraq daha strateji mövqeləri azad etdilər.

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək növbəti dəfə şanlı uğur əldə etdi. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Həmin gün 44 günlük Zəfər tarixinin ən şanlı səhifəsindən biri – Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə heç cür barışa bilmirdilər. Düşmən anlayırdı ki, Ordumuz Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra əsgər və zabitlərimizin həmin şəhərə yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

Hadrutun azad edilməsində Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin (XTQ) müstəsna xidmətləri var. XTQ-nin azsaylı qüvvəsi düşmənin müdafiə xəttinə sızmaqla həmin qəsəbənin arxa tərəfindəki yüksəkliklərdə yerləşib, sonradan isə motoatıcı hissə və birliklərin artilleriya atəşini nizamlamışdı. Düşmən mövqeləri zəiflədikdən sonra XTQ mənsubları həm ön, həm də arxa tərəfdən ərazidəki düşmənləri tamamilə təmizləmişdi. Azərbaycan Ordusunun Hadrutu azad etməsi Füzuli və Cəbrayıl istiqamətlərindəki hərbi hissələrin idarə edilməsi və təchizatı baxımından da böyük əhəmiyyətə malik idi. Qəsəbənin azad olunması işğalçıların digər istiqamətlərdə müqavimətinin zəifləməsinə, Ermənistan ordusunda fərari sayının artmasına səbəb oldu. Nəticədə Azərbaycan Ordusunun daha az itki və daha yüksək hücum tempi ilə ərazilərimizi düşmən tapdağından təmizləməsi üçün əlverişli imkan yarandı. Hadrutun azad edilməsi ondan xəbər verirdi ki, Ordumuz yalnız Qarabağ ətrafındakı rayonları deyil, paralel olaraq onun dağlıq hissəsini də işğaldan azad etməkdə qərarlıdır.

Zəfərdən sonra canlanan Hadrut

2021-ci ilin iyununda Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi ucaldıldı. Bu abidənin üzərində Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgəri və dronlar da təsvir edildi. Bu, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gün ərzində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğradıldığını və kapitulyasiya aktını imzalamağa məcbur olduğunu əks etdirir.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyev məhz Hadrutda hərbi hissənin açılışında Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışaraq deyib: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim Ordumuzun gücünü böyük dərəcədə artıracaq”.

Digər azad edilmiş ərazilərdə olduğu kimi Hadrutda da tikinti işləri sürətlə davam etdirilir, genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunur. Qəsəbədə ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək. Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu olan Hadrutda yaşayır. /AZƏRTAC/

media-ads_728_90
Paylaş