Azərbaycan-Qazaxıstan əlaqələrində yeni səhifə - Strateji tərəfdaşlıq və müttəfiqlik
Azərbaycan və Qazaxıstan arasındakı hazırki münasibətlər, iki ölkənin siyasi əlaqələri bu gün strateji tərəfdaşlıq və qarşılıqlı etimadla xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri, Astanada iki ölkə liderləri arasında keçirilən mühüm görüşlər, imzalanan sənədlər, xüsusilə dövlət başçıları tərəfindən verilən mühüm mesajlar qeyd edilənlərin bariz nümunəsidir. Bu səfər son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddinci səfəridir.
Azərbaycan–Qazaxıstan münasibətləri 20 il öncə imzalanmış Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə üzərində qurulub. İki ölkə arasında son illərdə intensiv səviyyədə aparılan siyasi dialoq, dövlət başçılarının çoxsaylı qarşılıqlı səfərləri və mütəmadi təmaslar bu münasibətlərin gücünü daha da artırır. İki ölkə arasında siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri qurulub.
Tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi və mədəni dəyərlərə, ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. İki ölkə arasındakı münasibətlərin diplomatik çərçivələri aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində İlham Əliyevin və Kasım-Jomart Tokayevin fəal və konstruktiv dialoqu əsas rol oynayır. Azərbaycan və Qazaxıstan Liderlərinin qarşılıqlı səfərləri, xüsusilə son üç ildə müşahidə olunan intensivlik aktual məsələlərin operativ şəkildə həllinə, ortaq mövqelərin formalaşdırılmasına və əməkdaşlığın daha da gücləndirilməsinə yeni imkanlar yaradır.
İki ölkə arasında münasibətlərin institusional əsaslarının möhkəmlənməsində Ali Dövlətlərarası Şura mühüm rol oynayır. Bu Şuranın ilk iclası ötən il Bakıda keçirilib, yaxın günlərdə isə Astanada ikinci iclasın təşkil olunması planlaşdırılır. Sözügedən mexanizm vasitəsilə tərəflər yalnız ikitərəfli əlaqələri deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər beynəlxalq strukturlar çərçivəsində çoxtərəfli əməkdaşlığı koordinasiya edir.
Bu gün Astanada Azərbaycan və Qazaxıstan arasında bir sıra mühüm sənədlər imzalanıb. Yeni əməkdaşlıqlar iki ölkə arasında əlaqələrin qısa zamanda çox sürətlə inkişaf etməsinə təkan verəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində bir sıra mühüm açıqlamalar verib. Dövlət başçısı qeyd edib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb: “İlk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılması ilə də bağlı mühüm açıqlama verib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Astanada iki ölkə liderlərinin görüşləri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən də bir sıra vacib açıqlamalar səsləndirilib. “Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir” – deyən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirirəm: “İlham Əliyev Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir”.
O həmçinin qeyd edib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir: “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”. Kasım-Jomart Tokayev vurğulayıb ki, hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlıdır: “Bu məsələdə mühüm irəliləyiş əldə olunub. Məsələn, transformatorların birgə istehsalına başlanılması planlaşdırılır. Yaşayış və infrastruktur obyektlərinin tikintisi davam etdirilir, gəmiqayırma sahəsində birgə layihələr işlənib hazırlanır”.
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə xüsusi strateji və siyasi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə xidmət edir. 2004-cü ilin martında Azərbaycanın Qazaxıstanda səfirliyi açılaraq əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb. İkitərəfli münasibətlərin inkişafının göstəricisi kimi 2008-ci ilin sentyabrında Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulluğu təsis edilib. Bu addım iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın region səviyyəsində də güclənməsinə xidmət edib.
Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.
Ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 sənəddən ibarət mükəmməl hüquq-müqavilə bazası formalaşıb, siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb. İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Mühüm mədəni-maarif müəssisəsinə çevrilmiş bu Mərkəzdə hazırda 100-ə yaxın uşaq təhsil alır.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində çox mühüm hadisədir.
TV1-in Analitik Qrupu