Azərbaycan qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir
Azərbaycan qumar oyunlarının təşkili və ya keçirilməsinə görə sanksiyalar sərtləşdiriləcək.
“TV1” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, eyni əməllər virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial platformalarından, elektron rabitə vasitələrindən, habelə şəbəkə digər internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd müddətə məhdudlaşdırılması ilədək azadlığın ve ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, eyni əməllər internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin, layihəyə əsasən, eyni əməllər təkrar törədildikdə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd müddətə məhdudlaşdırılması ilədək azadlığın ve ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, yuxarıdakı abzasda sadalanan cinayətlər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bununla yanaşı, layihəyə əsasən, yuxarıda qeyd edilən bütün əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, bu cinayətlər üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan əlavə, layihəyə əsasən, yuxarıda qeyd edilən bütün əməllər xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, bu cinayət dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məlumat üçün bildirək ki, “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür.
Qeyd edək ki, bunlar “Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına, habelə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına şamil edilmir.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
Hazırda qüvvədə olan qanunvericiliyə görə, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, yuxarıdakı abzasda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.








