Azərbaycanda 480 min hektar örüş və otlaq sahəsi bərpa edilə bilər
Azərbaycanda 480 min hektar örüş və otlaq sahələrinin bərpasının təşviqi nəzərdə tutulur.
“TV1” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda heyvandarlıq sahəsində tətbiq ediləcək subsidiya mexanizmlərinin böyük əksəriyyəti yenidir: “Buraya kəsimxanalarda kəsilən iribuynuzlu heyvanlar üçün veriləcək subsidiyanın tətbiqi nəzərdə tutulur. Bundan başqa, emala cəlb edilən süd üçün subsidiyaların verilməsi də planlaşdırılır. Ümumiyyətlə, emal sənayesinə investisiyalar cəlb edilməsi üçün təşviq mexanizmləri nəzərdə tutulur”.
R.Hüseynov vurğulayıb ki, Azərbaycanda yun və dəri üçün subsidiya mexanizmləri planlaşdırılır: “Bu istiqamətdə subsidiyalar Azərbaycan üçün yenidir. Eyni zamanda, yem təminatının yaxşılaşdırılması üçün də 480 min hektar örüş və otlaq sahələrinin bərpasının təşviqi nəzərdə tutulur. Bununla bağlı örüş və otlaq sahələrinə subsidiyaların ayrılması düşünülür”.








