Azərbaycanın bərpa olunan enerji siyasətində külək enerjisinin artan rolu - Vüsal Quliyev
BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin də həmmüəllifi olduğu “Azərbaycanın bərpa olunan enerji siyasətində külək enerjisinin artan rolu” mövzusunda təhlil dərc edilib.
“TV1” xəbər verir ki, təhlildə külək enerjisinin Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi diversifikasiya və yaşıl keçid strategiyasının əsas sütunlarından birinə çevrilməsi faktoloji əsaslarla izah edilir.
Qeyd edilir ki, Azərbaycanın bərpaolunan enerjinin inkişafına yönəlik yanaşması irimiqyaslı layihələrin, texnoloji sınaqların və strateji beynəlxalq tərəfdaşlıqların vəhdəti ilə xarakterizə olunur.
Araşdırmada “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, Kəlbəcər külək elektrik stansiyası, Qobustan hibrid elektrik stansiyalarının texniki parametrləri sıralanır və onların ölkəmizin enerji təhlükəsizliyində, eləcə də uzunmüddətli strateji hədəflərindəki tutduğu yer təhlil edilir:
“İlk növbədə, külək enerjisindən istifadənin genişləndirilməsi daxili elektrik istehsalında ənənəvi yanacaqlardan asılılığın azaldılması yolu ilə enerji diversifikasiyasına mühüm töhfə verir. Eyni zamanda, külək enerjisi ixrac potensialının optimallaşdırılmasında mühüm rol oynayır. Bərpaolunan enerji daxili elektrik tələbatını daha çox ödədikcə, daha böyük həcmdə təbii qaz əsas ixrac bazarlarına, xüsusilə etibarlı təchizatçılara tələbatın yüksək olduğu Avropaya yönləndirilə bilər.
Külək enerjisinin inkişafı Azərbaycanın iqlim öhdəliklərinin yerinə yetirilməsində də mühüm rol oynayır. İstixana qazı emissiyalarının azaldılmasına yönəlmiş qlobal təzyiqlər gücləndikcə enerji balansında bərpaolunan mənbələrin payının artırılması Azərbaycana beynəlxalq ekoloji çərçivələrə uyğunlaşmaq və dayanıqlılığa sadiqliyini nümayiş etdirmək imkanı verir. Külək enerjisinin genişlən dirilməsi, eyni zamanda, regional inkişaf və iqtisadi diversifikasiyaya töhfə verir.
Nəhayət, külək enerjisinin inkişafı Azərbaycanın regional və beynəlxalq mövqeyini gücləndirir. Cənubi Qafqaz və Xəzər regionunda bərpaolunan enerji sahəsində lider mövqe tutmaqla Azərbaycan formalaşmaqda olan enerji dinamikasına fəal təsir göstərir və Asiya ilə Avropanı birləşdirən yaşıl enerji dəhlizlərinin yaradılmasında iştirak edir”.








