Azərbaycanlı gəncin “İçimdəki səs” filmi dörd mükafat qazanıb - FOTO
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Məhəmmədəli Namazovun “İçimdəki səs” adlı qısametrajlı filmi beynəlxalq film festivallarında uğur qazanıb.
“TV1” xəbər verir ki, film 25 aprel 2026-cı il tarixində Polşada keçirilən “Fescilmar” Beynəlxalq Film Festivalının sessiyasında nümayiş olunub.
Daha sonra 26 may 2026-cı ildə keçirilən “Thilsri” Beynəlxalq Film Festivalında “Ən yaxşı debüt qısametrajlı film” və “Ən yaxşı debüt rejissor” nominasiyalarında mükafatlara layiq görülüb.
Eyni zamanda, ekran əsəri 1 iyun 2026-cı il tarixində təşkil olunan “International Istanbul Short Film & The Writer’s Journey” Festivalının proqramına daxil edilib.
“İçimdəki səs” filmi Alzheimer xəstəliyindən əziyyət çəkən və yaddaşını tədricən itirən bir atanın hekayəsindən bəhs edir. Keçmişini unutduqca atanın oğlu ilə münasibətləri dəyişir və illər boyu qurula bilməyən insani münasibətlər formalaşmağa başlayır. Hadisələr gözlənilməz istiqamətdə inkişaf edir. Yaddaş, günahkarlıq hissi və ailədaxili münasibətlər mövzularını əhatə edən film tamaşaçını insan psixologiyasının dərin qatlarına aparır.
Qısametrajlı film beynəlxalq festivallarda qazandığı uğurlarla Azərbaycan gənc kinematoqrafçılarının yaradıcılıq potensialını nümayiş etdirən nümunələrdən biri kimi diqqət çəkir.








