Bakı metrosundakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya aparılıb, 9-na yerində yardım edilib
Bu gün Bakı metrosunda baş verən hadisə səbəbindən iki qadın – 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.
Qeyd olunur ki, 9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.
Baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.
Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb. “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Saat 15:00-da isə metronun fəaliyyəti bərpa olunub.








