Bakıda Avropa İslamofobiya Hesabatı təqdim olunub
Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda Avropada islamofobiyanın aktuallığını rəqəmlərlə və faktlarla üzə çıxaran illik hesabat təqdim olunub.
“TV1” xəbər verir ki, hesabatı Türkiyə-Almaniya Universitetinin Beynəlxalq Münasibətlər və Siyasət Elmləri kafedrasının müdiri professor Enes Bayraklı təqdim edib.
O bildirib ki, hesabat, Avropanın müxtəlif ölkələrindən olan 33 tanınmış məktəb və vətəndaş cəmiyyəti fəalının fəaliyyətini əks etdirir. İlk dəfə 2015-ci ildə dərc olunan Avropa İslamofobiya Hesabatı, islamofobiyanın siyasət, media, məşğulluq, təhsil və ədliyyə sahələrinə təsirini anlamaq baxımından əvəzolunmaz bir mənbəyə çevrilib.
“Hesabat yerli dil və ingilis dilində icmal hissəsi ilə başlayır. Hər ölkə üzrə profil təqdim olunur, burada İslamofobiya ilə bağlı əsas statistikalara ümumi baxış verilir. Daha sonra müəllif həmin ildə ölkədə baş verən əsas siyasi hadisələr və insidentlər barədə giriş təqdim edir. Ardınca müəllif islamofobiyanın siyasət, hüquq sistemi, məşğulluq, təhsil, media, idman və fiziki fəaliyyət, məktəblər, internet kimi müxtəlif sahələrdəki təzahürlərini müzakirə edir. Hər ölkə üzrə islamofobiya şəbəkəsində aktiv olan əsas fiqurlar da ayrıca bölmədə təqdim edilir. Sonda vətəndaş cəmiyyəti institutlarının rolu və islamofobiyaya qarşı müsbət təşəbbüslərin əhəmiyyəti qeyd edilir və siyasətə dair tövsiyələrlə yekunlaşdırılır. Ötən ilin hesabatını onun rəsmi veb-saytından – www.islamophobereport.com – yükləmək mümkündür”, – deyə E.Bayraklı qeyd edib.