Bakıda Novruz bayramı möhtəşəm qazax üslubunda qeyd olunub - FOTO
Paytaxt sakinləri və qonaqları Novruzu bu dəfə bir az fərqli — Qazaxıstanın rəngləri, dadları və ənənələri ilə birlikdə qeyd edirlər. Martın 20–dən 22-dək Bakı bulvarında həm istirahət edib, həm də mədəniyyətlərarası gözəl bir səyahət yaşamaq olar.
“TV1” xəbər verir ki, Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olunub.
Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurta”ları bayrama maraq və rəng qatır.
Qazaxstanın Azərbaycandakı səfirliyi və ən böyük developer şirkəti “BI Group”un təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, səfirlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel hazırda Novruzun ölkəsinin bütün bölgələrində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu bayram Bakıda da xüsusi konsept əsasında təşkil olunub.
Alim Bayel vurğulayıb ki, Novruz yenilənmənin, baharın və birliyin rəmzidir. Bu bayram Türk dünyasında həmrəyliyin və əməkdaşlığın güclənməsinə töhfə verir. Eyni zamanda, Ramazan bayramının da Azərbaycan və Qazaxıstan xalqları üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran diplomat, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb.
Tədbir çərçivəsində qonaqlara qazax milli mətbəxinə aid təamlar təqdim olunub, milli oyunlar və müsabiqələr təşkil edilib.
Eləcə də, uşaqlar və böyüklər üçün master-klasslar, milli oyunlar və əyləncələr keçirilib, qonaqlar üçün xatirə hədiyyələri təqdim olunub.
Qazaxıstanın mədəniyyətini, ənənələrini və qonaqpərvərliyini əks etdirən isti bayram ab-havasında keçən tədbir konsert proqramı ilə davam edib.








