Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisinə 165 milyon dollar ayrılıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 165 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib.
“TV1” xəbər verir ki, kredit vəsaitləri ikisi 70 milyon dollar, biri isə 25 milyon dollar olmaqla üç tranşla veriləcək.
Layihənin ümumi dəyəri 407 milyon dollar olaraq qiymətləndirilir.
Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.
Təşəbbüsün reallaşdırılması dövlət-özəl tərəfdaşlığı üzrə 25 illik müqavilə əsasında həyata keçirilir. Bütün duzsuzlaşdırılmış su dövlət operatoru “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə istiqamətləndiriləcək. Bu layihə Azərbaycanın su sektorunda suyun duzsuzlaşdırılması üzrə ilk genişmiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı üzrə ilk layihə olacaq. Onun əsas vəzifəsi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.








