media-1200x100-50faiz

Böyük dövlətlərin innovasiya YARIŞI

media-ads_728_90

1957-ci ildə SSRİ ilk süni peyki orbitə buraxdıqdan sonra ABŞ hökuməti yüksək texnologiyalar sahəsində geri qaldıqlarının fərqinə varmışdı. Geriləmənin əsas səbəblərini axtardıqda “işgüzarlıq ruhunun” olmaması əsas dəlil kimi göstərilmişdi. Odur ki, hökumət səviyyəsində 1958-ci ildən başlayaraq “Kiçik biznesə investisiyalar proqramı (SBİC)” tətbiq edilmişdi. Hazırda Kiçik Biznes Agentliyi adlanan bu təşkilatın lisenziyası əsasında 400-dən çox vençur fondu fəaliyyət göstərir ki, onlar da ümumilikdə 110 min kampaniyanın layihələrini ilkin mərhələdə maliyyələşdirərək, 70 milyard dollardan çox vəsait xərcləyiblər.

1982-ci ildə ABŞ-da “Kiçik biznesdə innovasiya fəaliyyətinin inkişaf etdirilməsi” haqqında qanun qəbul edildikdən sonra elmi-texniki tədqiqatlara xeyli vəsait xərclənmişdi. Bu proqramda 11 federal təşkilat iştirak edir. Ələlxüsus da İT texnologiyalar sahəsində kiçik biznesə dövlət dəstəyi ilbəil artır.

Avropada bu sahədə öndə gedən dövlətlər İsveçrə, İsveç, Böyük Britaniya, Danimarka və Finlandiyadır. Məhz Finlandiya 1995-ci ildən başlayaraq yeni təhsil sistemini tətbiq etməklə 30 müasir politexnik institut yaradaraq ölkə iqtisadiyyatının texnoloji tələblərini ödəməyə nail olmuşdu. Elmi tədqiqatların qrant layihələrinə hər il təqribən 1,5 milyard avroya yaxın qrant vəsaiti ayrılır. Bu baxımdan Finlandiya İnnovasiya Fondu (SİTRA) texnoloji startaplara əsaslı dəstək göstərir. Energetika, maşınqayırma, biotexnologiya, tibb və süni intellekt sahəsində yeni axtarışlar Finlandiya üçün böyük əhəmiyyət kəsb edir. Elmin inkişafı təhsillə birbaşa bağlı olduğundan finlər tədris sistemində əsaslı islahatlar aparmaqla 15 yaşlı şagirdlər arasında riyaziyyatda Avropa qitəsində ardıcıl olaraq birincilik nümayiş etdirirlər. Bu baxımdan onlar dünya miqyasında yalnız Cənubi Koreya və Çin məktəblilərindən geridə qalırlar.

Yeri gəlmişkən, Uzaq Şərq regionunda innovasiya texnologiyalarına və təhsilə böyük dəstək verən dövlətlərdən biri də Malayziyadır. Ölkə paytaxtı Kuala-Lumpurdan təqribən 25 km aralıda salınmış Sayberjaya və Putarjaya elmi-innovasiya şəhərləri informasiya texnologiyalarının inkişafına hesablanmış böyük layihədir. Elmi-tədqiqat mərkəzlərinin cəmləndiyi bu məkana dünyanın aparıcı şirkətləri böyük sərmayələr yatırıb. Buradakı universitet şəhərciyində dünyanın 80 ölkəsindəm gəlmiş 20 mindən çox tələbə informasiya texnologiyaları və innovasiyalar sahəsində təhsil alır.

Gənc istedadlar və qeyri-adi düşünən insanlar üçün Sinqapur və Honq-Konq da ideal məkanlardan hesab edilir.

Yaxın şərdə isə elmi-tədqiqat və konstruktor təcrübə sahəsinə ən çox vəsait xərcləyən dövlət İsraildir. Bu dövlət ÜDM-in 5-6 faizini yeni texnologiyaların, innovasiyaların axtarışlarına xərcləyir. Bu baxımdan rəsmi Tel-Əviv dünyada ikinci yerdədir. 1990-cı ildən başlayaraq yəhudi dövləti yüksək texnologiyalar sahəsində startapların ikişafına dövlət dəstəyini strateji səviyyəyə çatdırmışdı. Həmin dövrdə SSRİ-dən köç etmiş insanların-alimlərin, mühəndislərin, həkimlərin, müəllimlərin potensialı düzgün dəyərləndirilmiş, təbii ehtiyatların olmadığı bir ərazidə qısa müddətə yüksək innovasiya şəraiti qurmaq mümkün olmuşdu. Hazırda
İsrailin 13 nazirliyində Baş alim vəzifəsi mövcuddur. Məhz onlar fundamental və tətbiqi tədqiqatlar sahəsinə vəsaitlərin yatırmasına məsuliyyət daşıyırlar. Nəticəyə hesablanmış bu layihələrin kommersiya əhəmiyyəti də qiymətləndirilir. Bu işdə ölkənin dünya səviyyəli universitetləri də aparıcı rol oynayırlar. İnnovasiya inkubatorlarının inkişafına İsrail dövləti hər il təqribən 2 milyard dollardan çox vəsait xərcləyir. Maraqlıdır ki, layihə kommersiya uğuru qazanmadıqda maliyyə vəsaitinin dövlətə qaytarılması məcburi deyil. Əsas məsələ eldə edilən nəticələrin gözlə görünməsi və vaxtı gələndə istifadə edilməsidir. Yəni, “Saxla samanı, gələr zamanı”. Bu baxımdan innovativ təşəbbüslərə hesablanmış “Yozma” proqramı ölkə iqtisadiyyatına təqriban 10 milyard dollara yaxın birbaşa investisiya cəlb edib.

Sənaye sahəsinin və elmin, həmçinin təhsilin diversifikasiyası bizim üçün də önəm kəsb edən məqamdır. Yeni sənaye inqilabına hazır olmaq, texnoloji müstəqilliyi əldə etmək mütləqdir. Bu baxımdan dünyadakı mövcud təcrübə sxemləri bizim üçün də keçərlidir. Düşünürəm ki, aidiyyatı strukturların innovativ təşəbbüsləri dəstəkləməsi və bu yöndə konkret addımlar atması, həmçinin cəmiyyətə hesabatlar verməsi ümumi işimizin xeyrinə olar.

Nuran Hüsiyev
BDU-nun IV kurs tələbəsi

media-ads_728_90
Paylaş