Fərid Şəfiyev: Antalya Forumu qlobal təhlükəsizlik məsələlərində səylərin gücləndirilməsinə töhfə verəcək - VİDEO
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Antalya Diplomatiya Forumunda (ADF-2026) iştirak edir.
“TV1” xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, forum mürəkkəb regional proseslər, İran ətrafında cərəyan edən hadisələr və qlobal enerji böhranı fonunda keçirilir.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də forumda iştirak edir və ölkəmiz geniş tərkibdə təmsil olunur. Forum çərçivəsində Cənubi Qafqazda mövcud vəziyyət, türk dünyası çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycanın xarici siyasət gündəliyində yer alan prioritet məsələlər müzakirə ediləcək.
Fərid Şəfiyev vurğulayıb ki, BMTM forumda fəal iştirak edir və tədbir çərçivəsində tərəfdaş qurumlarla ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. O, həmçinin əminliyini ifadə edib ki, Antalya Diplomatiya Forumu regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsinə və bu istiqamətdə səylərin gücləndirilməsinə mühüm töhfə verəcək.
BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev isə qeyd edib ki, qlobal və regional miqyasda mühüm hadisələrin baş verdiyi, bu proseslərin Azərbaycan və Türkiyəyə birbaşa təsir göstərdiyi mövcud şəraitdə Antalya Diplomatiya Forumu xüsusi aktuallıq kəsb edir. Onun sözlərinə görə, forum çərçivəsində keçiriləcək panel müzakirələrində Cənubi Qafqazda əməkdaşlıq, sabitlik və normallaşma məsələlərinə də xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, Forumun birinci günündə BMTM nümayəndə heyəti ilə Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzi arasında görüş keçirilib, regional vəziyyət və ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin iki beynin mərkəzi arasında perspektivdə nəzərdə tutulan ortaq layihələr müzakirə edilib.
Xatırladaq ki, builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75 beynəlxalq təşkilat nümayəndəsi daxil olmaqla, ümumilikdə 500-dən çox yüksək səviyyəli şəxsin iştirak edir.









