Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aparacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 noyabr tarixli 372 nömrəli Qərarı ilə “Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilib.
“TV1” xəbər verir ki, Qaydalar dövlət qurumlarında informasiya təhlükəsizliyinin əsas parametrlərini və bu parametrlərin məqbul hədlərini müəyyən edir. Bundan əlavə, informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının necə aparılacağını tənzimləyir.
Qaydalar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və ya nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərə, publik hüquqi şəxslərə, digər büdcə təşkilatlarına və bələdiyyələrə şamil edilir. Diaqnostikanın məqsədi qurumların təhlükəsizlik arxitekturasının müasir tələblərə uyğunluq dərəcəsini müəyyən etmək və təşkilati, texniki və kadr potensialının səviyyəsini ölçmək, eləcə də təkmilləşdirmə ehtiyaclarını aşkar etməkdir.
Sənədə əsasən, dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib. Bu proses sənəd və məlumatların təhlilini, zərurət olduqda isə yerində baxışı da əhatə edir. Qiymətləndirmə dörd meyar üzrə aparılır: təşkilati idarəetmə, əməkdaşlar və təchizatçılar, fiziki təhlükəsizlik, avadanlığın, proqram təminatının və məlumatların təhlükəsizliyi. Hər meyar üçün minimum keçid həddi müəyyən olunub. Qurumun yekun nəticəsi 0–100 faiz şkalası üzrə üç səviyyədən birinə aid edilir: risklərin ciddi olduğu, qismən nəzarət edildiyi və ya tam nəzarət altında olduğu səviyyə.
Diaqnostikanın nəticələrinə əsasən qurumlara çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilir və metodiki dəstək göstərilir. Qurumlar isə aşkar olunan boşluqları qısa müddətdə aradan qaldırmağa borcludur. Qaydaların tətbiqi dövlət sektorunda informasiya təhlükəsizliyinin vahid və ölçülə bilən meyarlar əsasında idarə olunmasına imkan yaradacaq.








