Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti davam edir

media-ads_728_90

Bakıda Gülüstan sarayında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) mövzusunda beynəlxalq sammit öz işini ikinci günündə davam etdirir.

“TV1” xəbər verir ki, sammit çərçivəsində dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.

Tədbirdə 100-dən çox ölkənin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri iştirak edirlər.

Dövlət idarəçiliyində innovasiya sahəsində ölkələrin təcrübə və dərslərinə əsaslanaraq iştirakçılar institusional islahatların, texnoloji innovasiyaların, liderliyin, potensialın inkişafının və sektorlararası tərəfdaşlıqların dövlət sektorunun fəaliyyətini və operativliyini necə gücləndirə biləcəyini nəzərdən keçirəcəklər.

“ASAN xidmət” mərkəzlərindən birinə təşkil olunacaq səfər vətəndaş mərkəzli dövlət xidmətlərinin inteqrasiya olunmuş modelini yaxından öyrənmək imkanı yaradacaq.

Gün birgə idarəetmə sahəsində mövcud problemlərə praktiki həll yollarının hazırlanması, ideya mübadiləsi, qarşılıqlı öyrənmə və tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədilə iştirakçıları bir araya gətirəcək İdarəetmə İnnovasiyaları üzrə Sprint proqramı ilə yekunlaşacaq.

media-ads_728_90
Paylaş