Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılır
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb.
“TV1” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir.
Fərmanla, həmçinin Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500,0 (beş yüz) min manat vəsait ayrılıb.
Azərbaycan Nazirlər Kabineti Zəngilan şəhərinin yaxınlığında 1424,55 (min dörd yüz iyirmi dörd tam yüzdə əlli beş) hektar və Qubadlı rayonunun Tatar kəndi yaxınlığında 164,15 (yüz altmış dörd tam yüzdə on beş) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan İqtisadiyyat Nazirliyi isə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təklifləri nəzərə alınmaqla, Zəngilan Aqroparkında istehsal və emal olunan aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Fərmana əsasən, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə Zəngilan Aqroparkının xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və orada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə zəruri kömək göstərəcək.
Maliyyə Nazirliyi bu Fərmanda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.








