Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
Sentyabrın 14-25-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində arı xəstəliklərinə qarşı epizootoloji monitorinq keçirilib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, respublika üzrə 61 rayon və şəhəri, həmçinin 279 kənd və qəsəbəni əhatə edən tədbirlər çərçivəsində ümumilikdə 842 arıçılıq təsərrüfatında 21522 arı ailəsinin klinik vəziyyəti qiymətləndirilib. Monitorinqdə arılardan və pətəklərdən laborator müayinələr üçün 846 diaqnostik nümunə götürülüb. Eyni zamanda, təsərrüfat sahibləri arasında xəstəliklərin profilaktikası, biotəhlükəsizlik tədbirləri və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri aparılıb.
Götürülmüş nümunələrə dair epizootoloji məlumatlar “Epicollect5” elektron məlumat bazasına daxil edilib. Aparılan laborator müayinələrin nəticələrinə əsasən, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, Tropilaelaps gənələri və varroatoz xəstəliklərinə yoluxma halı qeydə alınmayıb.








