“ASAN xidmət”in və BMT-nin Bakıda beynəlxalq sammiti başlayıb
Bakıda “Birləşmiş Millətlər Təşkilatının İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı tədbir keçirilir. 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.
“TV1” xəbər verir ki, Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.
Öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sammit iştirakçılarına müraciəti ünvanlanıb. Müraciəti Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev oxuyub.
BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua Azərbaycanın bu sahədə təcrübəsi, xüsusilə “ASAN xidmət” modelinin dövlət xidmətlərinin səmərəliliyinin, əlçatanlığının və vətəndaş məmnunluğunun artırılmasında rolunu diqqətə çatdırıb. Həmçinin qabaqcıl təcrübələrin beynəlxalq səviyyədə paylaşılması, Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, eləcə də beynəlxalq tərəfdaşlığın dövlət idarəçiliyində innovasiyaların təşviqinə verdiyi töhfə qeyd olunub.
Ardınca Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycan Respublikasına “ASAN xidmət” modelinin innovativ dövlət xidmətlərinin göstərilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədinə nail olunmasına verdiyi töhfələrə görə xüsusi sertifikat təqdim olunub.
Həmçinin “ASAN xidmət”in fəaliyyətinə dair videoçarx təqdim olunub.
Sessiyanın moderatoru “Human Future” şirkətinin təsisçisi Conatan Reyçentaldır.
Mətanət Əliyeva








