ABŞ-də bir gündə üç nəfər edam edilib

media-ads_728_90

ABŞ-nin Florida, Alabama və İndiana ştatlarında bir gündə üç ölüm hökmü icra edilib.

“TV1” xəbər verir ki, bu barədə “Associated Press”ə (AP) məlumat yayıb.

Məlumata görə, Floridada 2004-cü ildə 75 yaşlı Ceki Melounu öldürdüyünə görə məhkum edilmiş 64 yaşlı Cessi Qvardodo edam edilib. O, qadının evinə daxil olaraq ona ölümcül bıçaq xəsarətləri yetirib, daha sonra isə zinət əşyaları və pul oğurlayıb. Edamdan əvvəl Qvardodo mərhumun ailəsindən və öz qohumlarından üzr istəyib.

Qvardodonun edamı 2026-cı ilin əvvəlindən bəri Floridada 19-cu edam olub. Beləliklə, ştat 2025-ci ildə qeydə alınan rekordu təkrarlayıb. Bu günə qədər ABŞ-də cari il ərzində çıxarılan 35 ölüm hökmünün yarısından çoxu Floridada icra edilib, ilin sonuna qədər daha iki edam planlaşdırılıb.

Alabamada 54 yaşlı Maykl Teylora ölümcül inyeksiya edilib. 1991-ci ildə onun 19 yaşı olarkən, soyğunçuluq zamanı o, 83 yaşlı İvan Muru və onun 79 yaşlı həyat yoldaşı Lüsili metal çubuqla döyüb. Hər ikisi aldıqları xəsarətlərdən dünyasını dəyişib.

İndianada 2010-cu ildə rəfiqəsinin iki uşağının ölümü ilə nəticələnən evi yandırmaqda təqsirli bilinən 50 yaşlı Ceffri Vayshayt edam olunub. O, günahını etiraf etsə də, vəkilləri ölüm hökmünün ömürlük həbslə əvəz olunmasını xahiş ediblər. Ştatın qubernatoru Mayk Braun əfv xahişini rədd edib.

AP qeyd edir ki, ABŞ-də eyni gündə üç ştatda üç nəfərin edam edilməsi nadir hadisə olaraq qalır. Sonuncu dəfə belə hal 2010-cu ildə baş verib.

Edamlar Kaliforniya qubernatoru Qevin Nyusomun vəzifə müddəti başa çatana qədər 548 ölümə məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirmək niyyəti barədə anonsu fonunda baş tutub.

 

media-ads_728_90
Paylaş