Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“TV1” xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.
Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.
Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.
Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada metodika, kompüter, oyun, musiqi otaqları, yeməkxana uşaqların ixtiyarına veriləcək.
xxx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“TV1” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.








