Sadır Japarovdan enerji içkilərinin istehsalına, idxalına, ölkəyə gətirilməsinə və satışına TAM QADAĞA
“Bizə təbii enerjiyə, aydın zəkaya və möhkəm sağlamlığa malik bir nəsil lazımdır – zəhərlənmiş bir nəsil yox”.
“TV1” xəbər verir ki, bu açıqlama ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxış edib.
O, Nazirlər Kabinetinə 1 ay müddətində ölkə ərazisində enerji içkilərinin istehsalına, idxalına, ölkəyə gətirilməsinə və satışına tam qadağa qoyulması imkanını nəzərdən keçirməyi tapşırıb.
Dövlət başçısı belə radikal tədbirlərin zəruriliyini vətəndaşların sağlamlığının qorunması və xalqın genefonduna ziyan dəyməsinin qarşısının alınması ilə izah edib.
Səlahiyyətli orqanlar gənclər və yeniyetmələr arasında enerji içkilərinin istehlakının artmasından xüsusilə narahatdırlar. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, tərkibində çoxlu miqdarda şəkər və kofein olan bu içkilərin müntəzəm qəbulu ürək-damar xəstəliklərinin, şəkərli diabetin və digər ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.
“Bizə təbii enerjiyə, aydın zəkaya və möhkəm sağlamlığa malik bir nəsil lazımdır – zəhərlənmiş bir nəsil yox. İstəyirəm ki, gələcəkdə qırğız gənc kişiləri – istər ölkə sərhədlərini qoruyarkən, istər idman yarışlarında iştirak edərkən, istərsə də öz şəxsi həyatlarını qurarkən – fiziki cəhətdən güclü olsunlar; alicənab bir qəlbə, möhkəm əllərə və aydın bir zəkaya sahib olsunlar. Arzu edirəm ki, gələcəyin qırğız qadınları sağlam, müxtəlif növ tapşırıqların öhdəsindən uğurla gəlməyə qadir və eyni zamanda gözəl olsunlar – xalq üçün əsl nemətə çevrilsinlər. Gəlin gələcək nəslin – yeni Qırğızıstanın qayğısına bu gündən qalxmağa başlayaq!” – deyə S.Japarov çağırış edib.
Xatırladaq ki, 2023-cü ildə Prezident S.Japarov “Reklam haqqında” Qanuna enerji içkilərinin mediada və açıq reklam daşıyıcılarında reklam edilməsini tamamilə qadağan edən dəyişiklikləri imzalayıb.








