240 düşməni məhv edən qəhrəman - Fehruz Alışov
Gəncə şəhərində itkin kapitan Fehruz Alışovun 62 yaşının qeyd olunması ilə bağlı mərasim keçirilib.
“TV1” xəbər verir ki, tədbir Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Mərasimdə taborun keçmiş zabitləri, F.Alışovun əsgər yoldaşları və qardaşı Xəlil müəllimin iştirakı ilə itkin kapitanın döyüş yolundan danışıblar. Qeyd olunub ki, tabor komandiri döyüşdə yaralandıqdan sonra taboru idarə edən qərargah rəisi kapitan F.Alışovun idarəçiliyi nəticəsində düşmən qüvvəsinin bir tabora qədər şəxsi heyətinin məhv edilməsi və 4 düşmən zabitinin əsir götürülüb.
Bu döyüş epizodu haqqında – 3 saylı Azərbaycan Batalyonu Çəpli kəndində bir erməni batalyonunu mühasirəyə alır. İngiltərəli jurnalist, təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaala görə, kənddə 240 erməni əsgəri öldürülüb. Ukrayna tarixçisi Mixail Jiroxov isə hesab edir ki, burada öldürülən erməni hərbçilərinin sayı 200 nəfər idi.
Qəhrəman F.Alışov kimdir?
– Kapitan Alışov Fehruz Bəyiş oğlu 1964-cü il yanvarın 28-də Kəlbəcər rayonunun Qaraçanlı kəndində anadan olub. 1978-ci ildə Qaraçanlı kənd natamam (səkkizillik) orta məktəbini bitirib. 1980-ci ildə Kəlbəcər şəhər 1 saylı orta məktəbdə tam orta təhsilini başa vurub. 1981-1983-cü illərdə Monqolustanda keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Sıravi əsgər kimi hərbi xidmətə başlayan Fehruz Alışov artilleriya hissəsində taqım komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Monqolustandakı hərbi xidmət onun peşəkar hərbçi kimi yetişməsində böyük rol oynayıb. Həqiqi hərbi xidmətini başa vurub doğma Kəlbəcərə qayıdanda onun sinəsi döş nişanları ilə dolu idi. Monqolustandakı hərbi xidmətini başa vurduqdan sonra 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olan Fehruz Alışov 1989-cu ildə ali təhsilini başa vuraraq informatika mühəndisliyi ixtisasına yiyələnib. İnstitutu bitirərkən hərbi kafedranın rəhbərliyi onun Monqolustanda nümunəvi hərbi xidmət keçdiyini nəzərə alaraq rektorun qəbuluna dəvət edib. Tələbələrin şəxsi sənədləri ilə tanış olan rektor Fehruz Alışovun «Şəxsi iş»ini vərəqləyərək: «Tomskdakı hərbi zavodda işləmək üçün yüksək ixtisaslı proqramçı mühəndis göndərilməsi barədə institutumuza «Xahişnamə» gəlib. Fakültə rəhbərliyi Tomska göndəriləcək məzunlar sırasında sizin də namizədliyinizi təklif edir», – deyə söyləyib. Fehruz isə bu barədə valideynləri ilə məsləhətləşdikdən sonra qərar verəcəyini bildirib.
Beləcə, Fehruz Alışov ali məktəbi bitirdikdən sonra institutun göndərişi əsasında Rusiyanın Tomsk vilayətindəki eyni adlı şəhərdə yerləşən hərbi zavodda əmək fəaliyyətinə başlayıb. SSRİ-nin ən iri hərbi zavodlarından sayılan bu müəssisədə işə başlayandan cəmi 6 ay sonra onun vəzifəsi bir pillə böyüdülüb. 1990-cı il 20 yanvar hadisələrindən sonra Tomskdakı işini atıb Vətənə dönmək istəsə də, valideynləri razı olmayıb. Amma işğalçı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başlaması Qərbi Sibirdə hərbi təyinatlı zavodda ixtisaslı mütəxəssis kimi öz karyerasını qurmuş, əmək kollektivi arasında böyük hörmət və nüfuz qazanmış Fehruz Alışovu da həyat yolunu dəyişməyə məcbur etdi. 1991-ci ilin axırlarında Kəlbəcərdə 809 saylı özünümüdafiə taboru yaradılanda Fehruz Alışov ilk Milli Ordu bölmələrinin təşkilatlanmasında və formalaşmasında böyük zəhməti olan zabitlərdən olub.
Vətənə qayıtdıqdan sonra dərhal Kəlbəcərdə yenicə formalaşmaqda olan yerli özünümdafiə taboruna qoşularaq torpaqlarımızın müdafiəsinə qatılan Fehruz Alışov 712 saylı taborun zabiti kimi Kəlbəcərin işğalına qədər Dikyurd zastavasında işğalçılara qarşı döyüşlərin önündə gedib. Rayonun işğalı zamanı döyüş zonasını ən sonda tərk edən zabitlərdən biri də məhz Fehruz Alışov olub. Həmin günlərdə zabit yoldaşları və tabeliyindəki əsgərlərlə birlikdə o, öz həyatını təhlükəyə atıb, faktiki olaraq mühasirə vəziyyətində qalan mülki əhalinin işğal zonasından çıxarılmasına nail ola bilib. Özləri isə min bir əzab-əziyyətlə Murovun sərt aşırımlarını keçərək Daşkəsənə, oradan isə Gəncəyə gələ bilmişdilər.
Tabor komandiri polkovnik Balay Nəsibov peşəkar zabit, hətta özünün sınanmış silahdaşlarından hesab etdiyi Feyruz Alışovla 1992-ci ilin yazına təsadüf edən ilk tanışlığından danışır: «Alışov Fehruzu 1992-ci ilin mayında 712 saylı tabora qərargah rəisi təyin olunandan tanıdım. O zaman Kəlbəcərdə yerləşən iki taborun birləşərək 701 saylı hərbi hissənin tərkibində yaranan 712 saylı taborumuzda ştata uyğun zabitlərin seçilərək vəzifələrə təyin olunması üçün hərbi hissə komandirinə siyahılar təqdim olunmalı idi. Mən bir qərargah rəisi kimi, Alışovun yuxarı vəzifədə, yəni qərargah rəisinin müavini vəzifəsində xidmət etməsi haqqında onun fikrini soruşdum. Cavabı bu oldu: «Çalışacağam, etimadınızı doğruldum!» O, təvazökar insan idi, taborun döyüş fəaliyyətlərində danılmaz xidmətləri olmuşdu…»
Balay Nəsibov Kəlbəcərin işğalı zamanı həm bir kəlbəcərli, həm də tabor komandiri olaraq üzləşdiyi çətinliklərdən danışarkən Fehruz Alışovla bağlı bir epizodu da xatırlayır: «1993- cü il aprelin 1-dən 2-nə keçən gecə bizim qüvvələr artıq Dikyurd zastavasında itki vərərək, Yolaşan adlanan ərazidə mövqe tutmuşdu. Mənim yorulduğumu, yeriməyə taqətimin olmadığını görən Fehruz Alışov: «Mən mövqedə səxsi heyəti idarə edəcəyəm, siz 1-2 saat gözünüzün acısını alın», – dedi. Fehruz da çox yorulmuşdu, ona görə etiraz etdim: «Axı, sən məndən də pis gündəsən, mən səni bu vəziyyətdə necə qoya bilərəm?!…»
Düşmən bizim 500-600 metrliyimizdə idi. Amma neçə gündür yuxusuzluq və yorğunluq bizi əldən salmışdı. Ona görə də təklif etdim ki, postları yoxlayaq, sonra növbə ilə 1-2 saat mal tövləsindəki otun arasında dincələrik. Belə də etdik, hər birimiz təxminən 1 saat dincələ bildik. Amma artıq düşmənə güc gələcək qüvvələrimiz olmadığından bacardığımız qədər şərait yaratmağa çalışdıq ki, mülki əhali cıxa bilsin. Əhalinin təxliyyəsi zamanı Fehruz Alışov sözün əsl mənasında fədakarlıq göstərdi.»
Kəlbəcər işğal olunanda Fehruz Alışov nişanlı idi. 30 yaşını haqlasa da, evlənməyə tələsmirdi, Kəlbəcər azad olunmayınca hərbi formanı əynindən çıxarmaq, silahı yerə qoymaq istəmirdi. Məcburi köçkün vəziyyətindəki valideynləri üçün məskunlaşmağa yer tapıb onları yerləşdirdikdən sonra yenidən cəbhəyə qayıtmışdı. Hacıkənddə mənzillənən 3-cü (keçmiş 712 saylı) tabora qayıdaraq xidmətini davam etdirməyə başlamışdı. Amma vaxt uzanırdı, həftələr, aylar bir-birini əvəz etdikcə valideynləri Fehruzu evləndirmək üçün onu daha çox dilə tuturdular. Artıq razılaşmamaq mümkün deyildi. 1993-cü ilin bir payız günü qısa müddətli məzuniyyətə yollandı və noyabrın 13-də el adəti ilə toy edib nişanlısını evə gəlin gətirdilər. Cəmi bir neçə gündən sonra isə silahını çiyninə atıb cəbhəyə qayıtdı…
1993-cü il dekabrın 29-da Hacıkənddən Kəlbəcər istiqamətində yürüşə başlayan 3-cü (keçmiş 712 saylı) taborun həyata keçirdiyi döyüş əməliyyatlarında ən çox əziyyəti olan zabitlərdən biri də Fehruz Alışov idi. Əməliyyat tapşırığına əsasən, tabor Daşkəsəndən Murov dağını aşandan sonra bir bölük Alaxançanlıdan, iki bölük isə Zod aşırımından gələn yolu bağlamalı, sol cinahdan hücuma keçən qüvvələrimiz Yanşaq istiqamətini ələ keçirməli, Murov-Kəlbəcər yolu açılmalı və həmin istiqamətdən 3-cü taborun təchizatı təmin edilməli idi. Bu əməliyyatda qərargah rəisi vəzifəsini yerinə yetirən baş leytenant Fehruz Alışovun üzərinə çox böyük və ağır məsuliyyət düşürdü. O, tabeliyində olan 3-cü bölüklə Alaxançanlı istiqamətindən Murovdağ silsiləsini aşaraq İlyaslar və Lev kəndinə hücum etməli idi. Çətin dağ şəraitinə baxmayaraq, hücum planı uğurla nəticələndi, Kəlbəcər istiqamətində irəliləyən hərbçilərimiz qısa müddət ərzində 4 yaşayış məntəqəsini – Qozlu, Babaşlar, Lev və Təkəqayası kəndlərini düşməndən azad etdilər. Qəfil hücumdan təşvişə düşən erməni əsgərləri hərbi texnika və sursatlarını qoyub qaçırdılar. Lakin axşamüstü ermənilər itirilmiş mövqelərini geri qaytarmaq üçün 4 ədəd zirehli texnika və 500 nəfərədək ehtiyatda olan canlı qüvvə ilə hücuma keçdilər. Artıq elə bir vəziyyət yaranmışdı ki, ac-susuz qalan əsgərlər çörək yox, güllə haqqında daha çox düşünürdülər. Ancaq 3 gündən artıq ac, yuxusuz və yorğun olan əsgərlərin taqəti tükənmişdi, kömək, ərzaq və sursat təminatı yox idi. Belə bir vəziyyətdə min bir əzab-əziyyətlə tutduqları mövqeləri yenidən təslim edib geri çəkilmək dəhşətli idi. Lakin başqa yol qalmamışdı…
Kəlbəcərin işğaldan azad edilməsi uğrunda əməliyyatın ilk cəhddən uğursuzluqla nəticələnməsi Fehruz Alışovu çox məyus etmişdi. Bu uğursuz əməliyytda qərargah rəisi olduğu taborun 12-ə yaxın əsgəri geri çəkilərkən yolda donvurmadan həlak olmuşdu. Bundan bir neçə gün sonra isə tabor komandiri Balay Nəsibov Hacıkənddə müəmmalı şəraitdə yaralanaraq hərbi hospitala yerləşdirilmişdi. Bu hadisədən sonra tabor komandiri vəzifəsinin icrası Fehruz Alışova həvalə olunmuşdu. Odur ki, 3-cü (keçmiş 712 saylı) taboru Kəlbəcərin işğaldan azad edilməsi üçün həyata keçiriləcək ikinci əməliyyata o hazırlamalı idi…
İkinci əməliyyat 1994-cü il yanvarın 10-da başladı. Həmin gün tabor komandiri əvəzi Fehruz Alışov 47 nəfərlə birlikdə Zallar-Yanşaq kəndləri istiqamətində hərəkət edərək Meydançay ərazisini düşməndən azad etmiş və dərhal Qaragöl istiqamətində hücuma keçərək Şişqaya yüksəkliyini ələ keçirmişdilər. Yanvarın 13-də isə Fehruz Alışovun rəhbərlik etdiyi bölmələr Şişqayanı 4-cü tabora təhvil verdikdən sonra növbəti döyüşə başlamışdı. Yanşaq, Susuzluq və Çəpli kəndlərinin işğaldan azad edilməsi uğrunda həyata keçirilən uğurlu döyüş əməliyyatları zamanı Fehruz Alışovun komandanlığı altında düşmənin yüzlərlə canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. Üstəlik həmin döyüşlər zamanı işğalçı orduda xidmət edən 4 nəfər vəzifəli şəxs hərbi əsir kimi ələ keçirilmişdi. Bunlar Ermənistanın Leninakan şəhər Hərbi Komissarlığının şöbə rəisi Aşot Aqasiyeviç Qriqoryan, Rusiyanın Ermənistan ərazisində yerləşən 127-ci motoatıcı diviziyasının zabiti Stepan Turqunoviç Kevoryan, həmin hərbi hissənin zabiti Qozmik Qurbanoviç Qriqoryan və adı sənədlərdə qeyd olunmayan baş leytenant rütbəli bir zabit idi. Məhz Çəpli kəndindəki bu uğurlu əməliyyatda fərqləndiyinə görə Feyruz Alışov və bir neçə əsgər Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1994-cü il tarixli fərmanı ilə «Hərbi xidmətlərinə görə» medala layiq görülmüşdülər.
Yanvarın 28-də Fehruz Alışovun doğum günü idi, 30 yaşı tamam olurdu. Bir gün əvvəl, yanvarın 27-də ailəsi ilə görüşmək üçün bir günlük məzuniyyət götürdü. Həm də qarşıda Kəlbəcər istiqamətində növbəti döyüş keçirilməli idi. Bu döyüşdə də Fehruz Alışovun üzərinə böyük yük düşürdü. Odur ki, bir günlük evə gedib ailəsinə baş çəkdikdən sonra yanvarın 29-da yenidən tabora qayıtmışdı. Cəmi bir neçə gün ərzində növbəti döyüşə hazırlıq işləri başa çatdırılmış, zəruri ərzaq və hərbi sursat ehtiyatı təmin edilmişdi. 3-cü tabor komandiri əvəzi Fehruz Alışov və müvəqqəti qərargah rəisi vəzifəsini icra edən Xalid Hümbətov fevralın 5-də Kəlbəcər istiqamətində hücuma başlamışdılar. Elə həmin gecə döyüşçülər döyüş planına uyğun olaraq, hərbi hissənin 1-ci taboruyla birlikdə Zod aşırımını-Ermənistanın Basarkeçər rayonunu Kəlbəcərlə və Qarabağla birləşdirən avtomobil yolunu bağlamaq məqsədi ilə hərəkət edən zaman məlumat verilmişdi ki, artıq Ömər aşırımı düşmənin nəzarətinə keçmişdir. Bu məlumatı aldıqdan sonra bölmələrin geriyə qayıtmasına qərar verilmişdi. Geri qayıdarkən sərt sıldırmlı dağlar qarla örtülü olduğundan cığırı itirmişdilər. Fehruz Alışov döyüşçüləri dayandırıb ətrafı diqqətlə nəzərdən keçirir. Bu vaxt qabaqdakı döyüşçülərdən biri çağıraraq yola bələdçilik edən Faiqə kömək lazım olduğunu söyləyir. Faiq bir neçə addım da irəliləsəydi uçuruma yuvarlanacaqdı. Fehruz Alışov yaxınlaşaraq onu uçurumun bir addımlığından xilas edir. Bundan sonra özü qabağa keçərək qarı təmizləyə-təmizləyə çığır açır və: «Hamınız arxamca gəlin! Heç kəs ləngiməsin! Yoxsa, hamımız donub məhv olacağıq!» – deyərək döyüşçüləri arxasınca səsləyir. Döyüşçülər Cəmilli kəndinin başı üzərindəki tövləyə çatanda bəlli olmuşdu ki, Fehruz Alışov, Xalid Hümbətov, Şahin Süleymanov, Mirzəli Mehdiyev, Babək Məmmədov, Faiq Nuruyev, Səlimov Elxan 7 nəfər dəstədən ayrı düşüblər. Onlar sanki qeybə çəkilmişdilər…
Bu xəbər ailəsinə elə həmin gün, fevralın 8-də çatmışdı. Hamı – zabit yoldaşları, əsgərləri, qohum-əqrəba Fehruz Alışovun axtarışına başlamışdı. Qar uçqunu baş verən dağları, dərələri gəzmişdilər. Amma bu axtarışların heç biri nəticə vermədi, bir nişanəsi də tapılmadı…
3-cü taborun əsgəri, sıravi Elxan Salahovun şəhid komandir haqqında xatirələririndən: «Mən Fehruz Alışovu ilk dəfə 1992-ci ilin fevralında Kəlbəcər şəhərindəki rus məktəbində yerləşən 809 saylı taborda xidmətə başladığım zaman tanmışam. Əsgər və zabit heyəti ilə davranış və hərəkətləri ilə ilk baxışdan tələbkar komandir təəssüratı yaradırdı. Elə mənim də yadımda Fehruz Alışov bacarıqlı hərbçi, tələbkar komandir kimi qalıb. O vaxt əsgərlər gün ərzində bir neçə dəfə taborun qarşısındakı kiçik meydanda hərbi marş sədaları altında təlim-məşq toplantısı keçirdi. Sıra düzülüşü zamanı Fehruz Alışovun əsgərlərin geyim qaydalarına əməl edib-etmədiyini yoxladığını, «Əsgər marşı»nın sözlərini bilməyən, yaxud uca səslə oxumayan əsgərləri önə çıxarıb danladığını xatırlayıram. Fehruz Alışovu 1992-ci ilin aprelində Ağdaban hadisələrindən sonra daha yaxından tanımaq imkanım oldu. Bu dəfə təkcə hərbi nizam-intizamı sevən tələbkar zabit deyil, həm də sözün həqiqi mənasında vətən fədaisi, əsgərin qayğısını çəkən, yeri gələndə son tikəsini onunla bölüşməyə hazır olan komandir kimi…
Mən Ağdaban kəndində Hicran Abbasovun komandiri olduğu qrad (BM-21) döyüş qrupunun əsgəri olsam da, Fehruz Alışovu burada tez-tez görürdüm. Ermənilərin bir gecənin içərisində yandıraraq xarabalığa çevirdiyi Ağdabandakı evlərə baxdıqca elə dərindən köks ötürürdü ki!.. İşğalçı ermənilərin Ağdabanda törətdiyi vandalizm hərəkətlərini, düşmənin fitnəkarlığını heç cür həzm edə bilmirdi: «Darıxmayın! Ağdabanın intiqamını düşməndən alacağıq!» – deyə əsgərləri ruhlandırırdı. Fehruz Alışovu taborun zabit heyətində ən zəhmətkeş, döyüşkən, çətinliklərdən qorxmayan, əksinə, sinəsini qabağa verən zabitlərdən biri kimi xatırlayıram. Xarakter etibarilə sakit təbiətli olsa da, əsgərlərə qarşı tələbkar idi. Eyni zamanda hərbi qaydalara tabe olan, komandirlərin tapşırıqlarını vaxtında və tələb olunan səviyyədə yerinə yetirən əsgələrə qarşı diqqətcil idi. Bu, onun zabit kimi şəxsi keyfiyyətlərinin yüksək olmasından xəbər verirdi. Mən Kəlbəcər taborunda xidmət etdiyim bir il ərzində Fehruz Alışovu belə tanıdım.
Tale elə gətirdi ki, Fehruz Alışov məndən iki yaş kiçik olan qardaşım Elşadın taqım komandiri oldu. Elşad bu taborda məndən 4 ay gec xidmətə başlamışdı. Həm də mən 1 il sovet ordusunda xidmət etmişdim deyə, daha təcrübəli idim. Amma hiss edirdim ki, komandirlər Elşadı bir əsgər kimi daha yaxşı tanıyırlar. Bunu onun taqım komandiri olan Fehruz Alışov da dolayısı ilə söyləmişdi… Onlar ikisi də eyni taleyi yaşadı… Hər ikisi Kəlbəcərin işğaldan azad edilməsi uğrunda həyata keçirilən «Murovdağ əmliyyatı»nda Şəhid oldu, cəmi 37 gün fərqlə: Rabitəçi Elşad Salahov 1994-cü il yanvarın 2-də, komandir Fehruz Alışov isə fevralın 8-də…
Aramızda olmasalar da, vətən həsrəti ilə döyünən, intiqam hissi ilə çırpınan qəlbimizdə yerləri var! Fehruz Alışov əsgərlər arasında bu ehtiramı özü qazanmışdı! Tələbkarlığı və yeri gələndə qayğıkeşliyi ilə o, bir örnək oldu!.








