Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - FOTO
Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
“TV1” xəbər verir ki, tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xəzər Universitetinin və “Lachin Resort & Spa” İstirahət Kompleksinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə Xəzər Universitetinin qızlardan və oğlanlardan ibarət rəqs ansamblı çıxış edib.
Proqram çərçivəsində görkəmli sənətkarların, respublika və beynəlxalq müsabiqələr laureatlarının repertuarlarından musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları təqdim olunub.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçılara və yaradıcı heyətə təşəkkürünü bildirib. O, belə mədəni layihələrin Laçında ictimai-mədəni həyatın canlanmasına mühüm töhfə verdiyini qeyd edib, proqramın hazırlanmasında iştirak edən kollektivə uğurlar arzulayıb.
Sonda çıxış edən Hamlet İsaxanlı tədbirin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib: “Bu gün bizim ağır günlərdən sonra gələn qələbəmizin bayramıdır. Bir qayıdış bayramıdır. Azərbaycan kimliyini, vətəndaşını formalaşdıran amillərdən biri də musiqidir, rəqsdir. Ruhun dili musiqidir. Bu baxımdan Xəzər Universiteti olaraq biz həm də bu sahəyə xüsusi diqqət ayırmışıq. Proqramın ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə və kollektivə təşəkkürümü bildirirəm”.








