"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
Hazırda “Şahdəniz” yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.
“TV1” xəbər verir ki, bu barədə layihənin texniki operatoru olan “BP-Azərbaycan” şirkətinin məlumatında bildirilib.
“Hazırda yataqdan qaz hasilatı “Şahdəniz-1” və “Şahdəniz-2″ layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir”, – deyə məlumatda vurğulanıb.
Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.
“Mövcud “Şahdəniz” obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür”, – deyə məlumatda bildirilib.
“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİCO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).








