Bu gün Ümumdünya Radio Günüdür
Bu gün fevralın 13-də dünya ictimaiyyəti Ümumdünya Radio Gününü qeyd edir.
“TV1” xəbər verir ki, 2011-ci ildə UNESCO-ya üzv dövlətlər tərəfindən elan olunmuş və 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən BMT-nin Beynəlxalq Günü kimi qəbul edilmiş 13 fevral – Ümumdünya Radio Günündə (WRD) sürətlə inkişaf edən texnologiyalar, xüsusən süni intellekt dövründə bu sahənin perspektivləri müzakirə olunur.
Eyni zamanda, 2025-ci ildə bu əlamətdar gün “Radio və iqlim dəyişikliyi” mövzusunda qeyd edilir.
Texnologiya, elm, rabitə vasitələri və audio elementlərinin proqramlaşdırılması sistemi kimi, radionun kökləri 1800-cü illərə qədər uzanır. Bu media vasitəsinin 100 ildən artıq bir mərhələsinin təqdim etdiyi imkanlar XXI əsrdə onun potensialını qeyd etmək üçün bir fürsətdir. Çünki statistik cəhətdən populyar və ictimaiyyət tərəfindən çox etibar edilən radio rəqəmsal platformalar, geniş yayılmış sosial media əsrində auditoriya və gəlir baxımından artan çətinliklərlə üzləşir. 2025-ci ildə qeyd edilən bu əlamətdar gündə radionun iqlim böhranı ilə bağlı fəaliyyəti, təmiz texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi üzrə təbliğat prosesində iştirakı məsələləri gündəmə gətirilib. BMT qeyd edir ki, fövqəladə hallar, o cümlədən fırtınalar, zəlzələlər, daşqınlar, meşə yanğınları, qəzalar və müharibələr kimi təbii və insan tərəfindən törədilən fəlakətlər zamanı radionun ictimai təhlükəsizlik şəbəkəsi kimi əhəmiyyəti daha da aktuallaşır.
Azərbaycanda radionun yarandığı gün 1926-cı il noyabrın 6-na təsadüf edir. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının üçüncü mərtəbəsində, cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Tədqiqatçılar yazır ki, 1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi qərara aldı. 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun əsasnaməsini təsdiq etdi. 1932-ci ilin aprelində radio yayımı orqanı Mərkəzi İcraiyyə Komitəsindən alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verildi. 1932-ci il iyulun 5-də Azərbaycan MİK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul etdi. 1933-cü il mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı. 1939-cu ilin avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrildi. 1953-cü ildə Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi və Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi adlandırıldı. 1957-ci ildə Radioinformasiya İdarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradıldı.
1970-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edildi. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Hazırda paytaxt Bakıda və ölkəmizin digər şəhərlərində onlarla radio kanalı fəaliyyət göstərir.